"Azərbaycan nüvə təhlükəsizliyi sahəsində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Xüsusilə də qeyd etmək lazımdır ki, Azərbaycan Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsünün iştirakçısıdır. Prezident İlham Əliyev martın 25-də Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı bu faktı bir daha vurğuladı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli adıçəkilən sammitin əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, Azərbaycan bu yaxınlarda nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim edib: "Bununla yanaşı, Azərbaycan milli və beynəlxalq səviyyədə nüvə təhlükəsizliyi istiqamətində vacib addımlar atır. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemi formalaşdırılır. Bu yaxınlarda qəbul edilən Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir".
Bu istiqamətdə bütün perspektivləri azaldan əsas amillərdən birinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin olduğunu deyən Elman Nəsirli qeyd edib ki, bu səbəbdən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur: "Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Bununla da ekoloji böhrana doğru şərait yaratmış olurlar"."Bu sahədə ən böyük təhlükə isə Ermənistanın təxminən 40 il əvvəl tikdiyi və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədir. Bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhlükə mənbəyidir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır"- deyə, politoloq məsələ ilə bağlı fikirlərinə əlavə edib.E. Nəsirli həmçinin vurğulayıb ki, Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynayır: "Regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik. Bu baxımdan prezidentin sammitdəki çıxışı xüsusi əhəmiyyət kəsb edirdi. Ölkə başçısının çıxışı zamanı səsləndirdiyi fikirlər müəyyən mənada bu sahəyə cavabdeh olan tərəflərin, xüsusilə də Atom enerjisinin beynəlxalq Agentliyin fəaliyyətində öz əksini tapacaq. İstərdik ki, Prezident İlham Əliyevin sammitdə qaldırmış olduğu məsələ yaxın gələcəkdə öz həllini tapmış olacaq".Politoloq eyni zamanda Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyanın görüşünə amerikalı həmsədr Ceym Uorlikin rəsmi twitter səhifəsində yazdığı "Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?" fikrinə də münasibət bildirib: "Amerikalı həmsədrin son vaxtlar mütəmadi şəkildə sosial şəbəkədə fəallığı münaqişənin həlli imkanlarına müsbət bir şey vəd etməyib. Əksinə, dalana dirənən proseslərə mənfi təsir göstərir. Təəssüf ki, bu gün Ceyms Uorlikin mövqeyi ilə ermənilərin fikirlərində xüsusi harmoniya rol oynayır. Bu da neqativ haldır. Məhz bu səbəbdən də amerikalı həmsədr yaydığı bəyanatlarda daha da məsuliyyətli olmalıdır. Məsuliyyətsiz bəyanatlar nəticə etibarilə sülh prosesinə ciddi əngəllər törətmiş olur".
sia.az