Prezident İlham Əliyevin III Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunu ortaya qoyur
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirak və çıxış edib. Prezident İlham Əliyevin sammitdə verdiyi açıqlamalar və keçirdiyi görüşlər isə bir daha Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal proyektlərin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdə olduğunu sübut edib. Dövlətimizin başçısının ABŞ prezidenti Barak Obama, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron və İtaliyanın baş naziri Matteo Rentsi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Abdullah Gül ilə görüşməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparması, həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olub.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etməsinə baxmayaraq, hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alaraq, müvafiq xarici siyasət kursu işləyə bilmədi. 1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Beləliklə də, xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün mürəkkəb anlar yaşatdı.
Lakin 1993-cü ildə xalqın təkidli dəvətilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Məhz Ümummilli Liderimizin dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Eyni zamanda, beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və reallaşdıracağı siyasət təhlil edildi. Bundan sonra Azərbaycan dövləti qarşıya çıxan mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində dünyanın ən aparıcı təşkilatlarına - BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti və digər qurumlarla əlaqələr yaratdı. Bununla da, Azərbaycan qısa müddət ərzində milli maraqlarını müdafiə etmək üçün konkret addımların atılmasını hədəf kimi önə sürdü. Artıq 2003-cü ildə Azərbaycan bütün beynəlxalq təşkilatlar tərəfindən ciddi aktor kimi qəbul edilir və sözü dinlənilirdi.
2003-cü ildən sonra Prezident seçilən İlham Əliyev xarici siyasətin prioritet istiqamətlərini daha da şaxələndirdi və Azərbaycan qlobal aktor olmaqla, Latın Amerikasına da diplomatik əlini uzatdı. Xarici siyasətdə "hücum taktikasını" önə çəkən Prezident İlham Əliyev diplomatik qələbələrin mühüm formulunu diqqətə təqdim etdi. Bunun nəticəsi idi ki, 2013-cü ildə də ölkəmizin dinamik inkişafı daha da sürətləndi və Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Üç il öncə seçildiyi BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə etdi, hər bir məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdi, prinsipial mövqeyi ilə seçildi. Buna görə də, hazırda beynəlxalq aləm Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarını təqdir edir. Bu, həmçinin, onunla bağlıdır ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur.
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə keçirilmiş konfrans, III Beynəlxalq Humanitar Forum, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi göstərir ki, Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoyub. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilib.
Həmçinin, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik və müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair imzalanmış saziş də ölkəmizin Avropa İttifaqı ilə olan münasibətlərinin təzahürüdür.
Göründüyü kimi, Azərbaycan bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük uğurlara və nailiyyətlərə imza atmaqdadır. Buna səbəb isə odur ki, Azərbaycan müstəqil siyasət yürüdür və güclü iqtisadiyyata malikdir. Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycanın üzv olmadığı bütün təşkilatlarla münasibətləri, prinsipləri açıqdır, aydındır, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır. Məhz bütün bu səbəblərdəndir ki, Azərbaycan III Nüvə Sammitində ciddi aktor kimi iştirak edirdi və öz sözünü dedi. Zaman keçdikcə, Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq və ölkəmizin qarşısına qoyduğu strateji məqsədləri gerçəkləşəcək.
"Səs" Analitik Qrupu