PDF Oxu

Siyasət

  • 19

Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib

Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 23-də Niderland Krallığına işgüzar səfərə gedib.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

Martın 24-25-də Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.

Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.

Martın 24-də III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başladı. Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi ilə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın Baş naziri Mark Rütte Sammit iştirakçılarını salamladı. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirdi.

Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğuladı.

BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirdi. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğuladı. Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu çərçivədə "Siyasətin ssenari əsasında müzakirəsi" mövzusunda iclas keçirildi.

X X X

Martın 24-də axşam Niderland Kralı Əlahəzrət Villem-Aleksandr tərəfindən Haaqada III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul və şam yeməyi təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

Prezident İlham Əliyev Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında səmərəli əməkdaşlığın qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirildi. Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. O bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.

Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirildi.

Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.

Digər xəbərlər