"Ermənistan və onun silahlı qüvvələri yenə də öz çirkin hərəkətlərindən əl çəkmirlər. Gecə demək olar ki, yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyevin, eləcə də kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq". SİA-nın xəbərinə görə, bunu Tovuzdan millət vəkili seçilən Qənirə Paşayeva ötən gün axşam saatlarında erməni silahlı qüvvələrinin rayonun Əlibəyli kəndini atəşə tutmasına və açılan atəş nəticəsində kənd sakinin yaralanmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, axşam saatlarında sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq bilərəkdən həyata keçirilir: "Çünki ermənilər bilirlər ki, həmin vaxt ailənin bütün üzvləri evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Ermənilər bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək kən sakini Etibar Tağıyevin evini güllə atəşinə tutublar. Həmin güllələrdən biri evin divarını keçərək Etibarın ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibarın vəziyyəti hazırda normaldır. Həkimlərin səyi nəticəsində onun ayağı itirilmə təhlükəsi aradan qaldırılıb. Yaralının vəziyyəti ilə bağlı yenidən rayon xəstəxanasının baş həkimi Paşa həkimlə danışdım və o, Etibarın ayağının yaxın zamanlarda tam sağalacağını dedi".Millət vəkili həmçinin qeyd edib ki, Ermənistan və onun silahlı qüvvələri bu addımı ilə bir daha əsl simasını göstərmiş oldu: "Evləri, sivil insanları, qadınları, uşaqları gülləbaran etmək, hədəfə alaraq qətlə yetirmək arzusu onların iş üzünü göstərir. Çox güman ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar".
sia.az