"Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait büdcənin təxminən 30 faizini təşkil edir. Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də Prezident təqaüdü verilir. Bundan əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar.
Komitə sədri qeyd edib ki, qanunvericilikdə bütövlükdə əlillərin sosial müdafiəsi üçün ciddi məsələlər nəzərdə tutulur. H.Rəcəblinin sözlərinə görə, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. O, deyib ki, bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.
"Dövlət başçısının imzaladığı son sərəncam və fərmanlara görə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün, sosial müavinətlərin artırılması bu insanlara göstərilən qayğının əyani göstəricisidir. Həmin insanların övladlarının təhsil xərclərini də dövlətin öz üzərinə götürməsi sosial müdafiənin əsas məqamlarından biridir. Bütövlükdə isə bütün bunlar Azərbaycan dövlətinin torpaqlarımızın müdafiəsi uğrunda döyüşən insanlara olan müsbət münasibətinin ifadəsidir" - deyə, komitə sədri vurğulayıb.
yap.org.az