PDF Oxu

Siyasət

  • 15

Elman Nəsirov: Azərbaycan milli və beynəlxalq səviyyədə nüvə təhlükəsizliyi istiqamətində vacib addımlar atır

Elman Nəsirov: Azərbaycan milli və beynəlxalq səviyyədə nüvə təhlükəsizliyi istiqamətində vacib addımlar atır

"Azərbaycan nüvə təhlükəsizliyi sahəsində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Xüsusilə də qeyd etmək lazımdır ki, Azərbaycan Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsünün iştirakçısıdır. Prezident İlham Əliyev martın 25-də Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı bu faktı bir daha vurğuladı". Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan bu yaxınlarda nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim edib. Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan milli və beynəlxalq səviyyədə nüvə təhlükəsizliyi istiqamətində vacib addımlar atır. "Bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemi formalaşdırılır. Bu yaxınlarda qəbul edilən Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir"- deyə politoloq qeyd edib.

Bu istiqamətdə bütün perspektivləri azaldan əsas amillərdən birinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin olduğunu deyən Elman Nəsirov qeyd edib ki, bu səbəbdən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur: "Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Bununla da ekoloji böhrana doğru şərait yaratmış olurlar".

yap.org.az

Digər xəbərlər