PDF Oxu

Siyasət

  • 15

Asəf Hacıyev: "Ceyms Uorliki həmsədrlik vəzifəsindən azad etmək lazımdır"

Asəf Hacıyev: "Ceyms Uorliki həmsədrlik vəzifəsindən azad etmək lazımdır"

"Ümumiyyətlə Ermənistanın apardığı siyasət bütün bölgə üçün çox böyük təhlükə yaradır. Digər tərəfdən isə Azərbaycan torpaqlarının 20 faizi də məhz ermənilər tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın başqa ölkələrin torpaqlarına da iddiaları var. Eyni zamanda Ermənistanın iqtisadiyyatı o qədər aşağı səviyyədədir ki, Azərbaycan prezidenti İlham Əliyev Haaqada köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən söz açıb". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyev III Nüvə Təhlükəsizliyi Sammitinin əhəmiyyətindən danışarkən deyib.YAP rəsmisinin sözlərinə görə, Ermənistan bütün region üçün təhlükədir: "İşğal olunan torpaqlarda müxtəlif narkotik vasitələrin, o cümlədən silah və insan alveri kütləvi şəkildə öz əksini tapır. Bu baxımdan, işğalçı ölkənin bütün siyasəti nəinki region, eləcə də dünya üçün böyük təhlükə yaradır. Əgər dünya gələcəyi düşünürsə və stabillik yaratmaq istəyirsə, o zaman bu məsələnin qarşısının alınması istiqamətində çox ciddi işlər görülməlidir. İlk növbədə "Metsamor" atom elektrik stansiyasının (AES) fəaliyyəti dayandırılmalıdır. Bununla yanaşı, Ermənistan tezliklə işğalçılıq siyasətinə son qoymalıdır".Millət vəkili eyni zamanda BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmasında Azərbaycanın həmin sənədin lehinə səs verməsinə də münasibət bildirib: "Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Ümumiyyətlə ölkəmiz hər zaman sülhün tərəfdarı olub. Buna görə də Azərbaycanın adıçəkilən qətnamədə Ukraynanı dəstəkləməsi gözlənilən idi".Hakim partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyev, həmçinin amerikalı həmsədr C. Uorlikin son zamanlar sosial şəbəkədə yaymış olduğu əsassız bəyanatlar haqqında da fikirlərini bildirib. Onun fikrincə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri üzərinə məsuliyyətli iş götürüb: "ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində Amerika kimi dövləti təmsil edən nümayəndənin əsassız bəyanatları təəssüf hissindən başqa heç nə deyil. Görünür o, öz məsuliyyətini hələ də başa düşə bilmir. Ona görə də işinə çox məsuliyyətsiz yanaşır. O, dəfələrlə Azərbaycanla bağlı əsassız bəyanatlar yayır. Onun öz ölkəsi Dağlıq Qarabağı bir dövlət kimi tanıyır? Təbii ki, xeyr. Hətta dünyanın aparıcı dövlətləri də bu kimi fikirləri qəbul etmir. Bütün bunlara rəğmən, ABŞ-ın nümayəndəsi hələ də məsuliyyətsiz bəyanatlarla çıxış edir. Hətta ola bilsin ki, Ceyms Uorliki ATƏT-in Minsk qrupunun həmsədrliyi vəzifəsindən azad etmək lazımdır. Çünki məsuliyyətsiz və əsassız iddialar münaqişənin həllinə ancaq mənfi təsir göstərir".

sia.az

Digər xəbərlər