"Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı fərmana əsasən, 31 mart tarixi, azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir". SİA-nın xəbərinə görə, bunu millət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı fikirlərini bölüşərkən deyib.Onun sözlərinə görə, Ulu Öndərin imzaladığı fərmanla məhz 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi heç də təsadüfi deyil: "Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var. Bu sənəd 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. Hazırda 31 mart azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur"."Ümumiyyətlə, xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanılıb. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir. 31 mart soyqırımı həqiqətlərinin dünyaya çatdırılması sistemli şəkildə həyata keçirilir. İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcək"- deyə, F. İbrahimli məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az