PDF Oxu

Siyasət

  • 32

Son on ildə ordu quruculuğu

Son on ildə ordu quruculuğu

İlham Əliyev: "2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır"

Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.

Regionun ən güclü silahlı qüvvələri

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır: "Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir".Prezident İlham Əliyev ötən ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atıldığını bildirərək vurğulamışdır ki, 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq: "Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır".

"Hərbi Doktirinanın qəbulu tarixi hadisə olmaqla müdafiə və təhlükəsizlik tədbirlərini əks etdirməsi baxımından da əhəmiyyətlidir"

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında regionda ordu quruculuğu və hərbi doktorinanın qəbulu ilə də bağlı münasibətini bildirərkən qeyd edib ki, Azərbaycan sözün əsil mənasında, bölgədə ən yüksək mövqeyə malik ölkədir: "Əlbəttə ki, bunu şərtləndirən amillər isə iqtisadi potensial və ordunun güclü olmasıdır. Güclü ordu, güclü dövlət deməkdir. Deyildiyi kimi, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Regionda hərbi və nizami hazırlığı baxımından seçilən Silahlı Qüvvələrimizin getdikcə qüdrətləndiyini və belə bir zamanda Azərbaycan Respublikasının Hərbi Doktrinasının qəbulunun tarixi hadisədir. Təhlükəsizlik sisteminin konseptual əsasını təşkil edən amilləri ictimaiyyətə çatdıran, müdafiə siyasətinin məqsəd və prinsiplərinin dövlət siyasətinə uyğun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli sənəd olan Doktrinada ordu quruculuğu sahəsində aparılan islahatların parametr və istiqamətləri aydın göstərilir. Belə bir sənədin qəbulu o deməkdir ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və iqtisadi məsələlərin həllində düşünülmüş strategiyası olan Azərbaycanda ordu quruculuğu başlıca prioritetlərdən olmaqla daim diqqət mərkəzindədir. Dağlıq Qarabağ kimi qlobal problemin həlli istiqamətində qətiyyət göstərən və Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalan Azərbaycan bir qarış torpağının belə düşmən nəzarəti altında qalmasına nə bu gün, nə sabah, nə də 100 il bundan sonra razı olmayacaq".E.Nəsirli bildirdi ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir: "Son 10 il ərzində hərbi büdcəmizin 20 dəfədən çox artması nəticəsində Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda son 10 il ərzində hərbi sənaye kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Həmin nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bütün bunlarla yanaşı, dünya dövlətləri ilə siyasi, iqtisadi, hərbi əməkdaşlığı genişlənən, demoqrafik vəziyyəti artan Azərbaycanın işğal altında qalan torpaqlarını hər an azad etmək imkanlarının mövcudluğu dünya birliyi tərəfindən də etiraf olunur. Ancaq daim sülh, birlik və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin xalqın mənafeyini əks etdirən istəyi budur ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla, danışıqlar yolu ilə həll olunsun, nahaq qan axıdılmasın. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü tanıyan BMT-nin 4 qətnaməsində bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Qurumun Nizamnaməsinin 42-ci maddəsinə əsasən tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiqi barədə qərar qəbul oluna bilər. Yaranan belə vəziyyətlərdə Azərbaycan ordusunun öz sözünü demək və torpaqlarını güc tətbiqi yolu ilə azad etməyə tam hüquq və səlahiyyətləri, hərbi potensialı mövcuddur". "Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik".

R.HÜSEYNOVA

Digər xəbərlər