PDF Oxu

Siyasət

  • 25

İlham Əliyev: “Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir”

İlham Əliyev: “Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir”

Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dünya enerji bazarında yeddi neft-qaz kəməri ilə iştirak edən, enerji təhlükəsizliyində mövqelərini möhkəmləndirən Azərbaycan çoxşaxəli ixrac-nəqliyyat imkanlarına malik olduğunu dünya birliyinə sübut edir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa İttifaqına daxil olan ölkələrin enerji təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi diqqət yetirilir.

Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün 3 neft, 4 qaz kəməri mövcud olsa da, Xəzərin təbii ehtiyatları əlavə layihələrin işlənməsi və istismarı üçün də kifayət edər. Mütəxəssislərin araşdırmalarına görə, 2020-ci ildə Avropanın təbii qaza illik tələbatı indiki 500 milyard kubmetrdən 700 milyard kubmetrə çatdırılacaq. Azərbaycana məxsus "Şahdəniz" yatağından çıxarılacaq qazın çox hissəsi alternativ variantlarla Avropaya nəql olunacaq. Qarşıdakı illərdə "Şahdəniz" qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz kəməri bir neçə səbəbə görə tarixi əhəmiyyətə malikdir. Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələrin region və Avropa İttifaqı ölkələri üçün əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, bu sahədə həmişə lider olan ölkəmiz yenə də faydalı təşəbbüsləri ilə öz sözünü deyir: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir". Prezident bildirib ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır.

Enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir

Son 20 ildə böyük inkişaf yolu keçən Azərbaycanda imzalanan layihələr bir daha ölkəmizin tarixində yeni bir mərhələ olduğunu təsdiqləyir. Ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni-yeni layihələrin reallığa çevrilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev bu fikri xüsusi vurğulamışdır ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi: "BTC və BTƏ neft-qaz kəmərləri reallaşmasaydı, "Cənub qaz dəhlizi"ndən danışmaq qeyri-mümkün idi. "Əsrin müqaviləsi"ni XX əsrin müqaviləsi kimi dəyərləndirən ölkə Prezidenti "Şahdəniz"in XXI əsrin müqaviləsi olacağını bildirərək bu əminliyi ifadə edir ki, gələcəkdə "Şahdəniz-2" layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcək".

"Azərbaycanın enerji

siyasəti dostluğa və əməkdaşlığa xidmət

etməli, xalqları bir-birinə birləşdirməlidir"

Avropa İttifaqının təmsilçiləri bildirirlər ki, Azərbaycan şaxələndirilmə məsələsinə ilk yol açan ölkədir. Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Məhz bunun nəticəsidir ki, Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib ki, Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən Cənub enerji dəhlizi, konkret olaraq "Nabucco" qaz kəməri layihəsi ilə bağlı danışıqlar aparmaq və münasibətlərimizi dərinləşdirmək istəyirik. Joze Manuel Barrozu onu da bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa təsisatlarının mühüm tərəfdaşıdır: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub Qaz Dəhlizi" vasitəsi ilə biz Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq."

NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və Qafqazda sülh üçün əhəmiyyətli ölkədir: "Azərbaycan, həmçinin NATO üçün önəmli və dəyərli tərəfdaşdır. Biz NATO-nun əməliyyatlarına siyasi dəstəyinizi yüksək qiymətləndiririk, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinin hazırlığı üçün maliyyə yardımınıza görə minnətdarıq".

Baş katib Azərbaycanın 2014-cü ildən sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinin təliminə dəstək vermək qərarını da alqışlayıb və xatırladıb ki, bu ay "Sülh naminə tərəfdaşlıq" proqramının 20 illiyi qeyd olunur: "Proqramımız demokratik dəyərlərə və prinsiplərə əsaslanır" deyən Rassmusen ümid edib ki, Azərbaycanla əməkdaşlıq bundan sonra da davam edəcək.

Göründüyü kimi, reallaşan və gündəmə gətirilən layihələr bir daha bu həqiqəti təsdiqləyir ki, Azərbaycan artıq regional çərçivədən çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. Eyni zamanda, Azərbaycan Avropanını enerji təhlükəsizliyini təmin edən ölkələrdə aparıcı enerji mənbəyi kimi dəyərləndirilir.

R.KAMALQIZI

Digər xəbərlər