"Krımın Rusiyanın tərkibinə birləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə və Ukrayna qanunlarına tamamilə zidd olan bir hadisədir. Azərbaycan həmişəki kimi öz ədalətli mövqeyindən çıxış edərək Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdi. Lakin bu o demək deyil ki, Azərbaycanla Rusiya arasında hansısa problem var. Son vaxtlar cəbhə xəttində atəşkəs rejimin mütəmadi olaraq pozulmasını Azərbaycanın bu addımı ilə əlaqəndirənlər və guya Rusiyanın Azərbaycana Tovuzdan hücum edəcəyini deyənlər yanılırlar. Rusiya Azərbaycanla heç vaxt qarşıdurmaya girməz". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva bildirib.Cəbhə xəttində atəşkəs rejiminin son vaxtlar mütəmadi olaraq pozulmasını Azərbaycanın BMT Baş Məclisində Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməsi ilə əlaqələndirənlərin iddialarını şərh edən millət vəkili A.Mustafayeva qeyd edib ki, Azərbaycan xarici siyasətini düşünülmüş şəkildə həyata keçirir: "Azərbaycan bu addımla kimsənin diqtəsi ilə oturub-durmadığını sübut etdi. Rusiya öz istədiyi kimi hərəkət edir. Biz Rusiyanın Gürcüstandakı addımlarını, daha sonra bir neçə ərazilərdə apardığı siyasəti, eləcə də Krımdakı atdığı addımları gördük. Necə istəyirsə, elə də edir. Ancaq Rusiyanın Qarabağ kartını işə salması düşünülməmiş bir addımı olardı. Rusiya dövlət xadimləri buna imkan verməzlər. İki ölkə arasında qarşılıqlı münasibətlər mövcuddur. Bu münasibətlər də yüksələn xəttlə inkişaf edir. Ona görə də, bu iddiaların əsası yoxdur. Bu xəbəri yayanlar Azərbaycanla-Rusiya arasındakı münasibətlərə zərbə vurmaq üçün çalışırlar".
sia,az