Prezident İlham Əliyevin əhalinin pulsuz tibbi müayinədən yararlanması ilə bağlı verdiyi Sərəncam bunun bariz nümunəsidir
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi barədə tapşırığı ölkənin bütün regionlarında olduğu kimi, Lənkəran rayonunda da uğurla icra edilir. YAP Lənkəran rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin başçısının müavini İlqar Dadaşov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, martın 28-dək rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində 60 mindən çox sakin dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən pulsuz tibbi müayinələrdən yararlanıb: "Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ilə fəxr edir. Gündən-günə inkişaf edən müstəqil respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutur. Memarı və qurucusu Ulu Öndərimiz Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edilir. Bu nailiyyətlər arasında səhiyyəni xüsusilə qeyd etmək lazımdır".
Lənkəran rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev isə bildirib ki, ölkə Prezidenti İlham Əliyev Cənabları əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də insanların sağlamlığının qorunmasına daim ciddi diqqət yetirir: "Humanitar aksiyaya başlanıldığı gündən martın 28-dək rayonun 18 yaşdan yuxarı 102 min 896 nəfər sakinindən 22 min 608 nəfəri müayinələrdən keçmişdir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibb mərkəzi olmasın. Ən yeni tibb avadanlıqları ilə təchiz edilmiş bu səhiyyə ocaqları ixtisaslı kadrlarla da təmin edilib və sakinlərin hər hansı müayinə üçün paytaxta getməsinə ehtiyac qalmır. Dövlətimizin başçısının əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırıq bir daha onu göstərir ki, İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk".
Mərkəzi rayon xəstəxanasının baş həkimi onu da bildirib ki, müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 1208 nəfəri ambulator, 301 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 64 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azad Hüseynov (Moloja kənd sakini): - Mən müəlliməm. Kənd sakinlərinin ümumi fikrini ifadə edərək deyə bilərəm ki, əhalinin pulsuz tibbi müayinələrə cəlb olunması Prezident İlham Əliyevin vətəndaşların sağlamlığına yüksək qayğısından xəbər verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Bu nəcib təşəbbüs həqiqətən yüksək qiymətə və alqışa layiqdir. Buna görə bütün kənd camaatı adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Emin Qafarov (Lənkəran şəhər sakini): - Mən də bu fikirlərə tam şərikəm. Uzun müddət idi ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım vardı. Dövlətimizin başçısının yaratdığı imkandan istifadə edərək rayon xəstəxanasında pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şəraitdən, həkimlərin səmimi, həssas münasibətindən çox razı qaldım. Buna görə dövlətimizin başçısına "Çox sağ olun" deyirəm.
Solmaz Həşimova (Lənkəran şəhər sakini): - Pulsuz tibbi müayinə xüsusən biz pensiyaçıların ürəyincədir. Hamı kimi, mən də müayinələrdən keçdim. Həkim kollektivinin qayğıkeşliyinə, müayinə üçün yaradılan şəraitə söz ola bilməz. Bizə belə bir imkan yaratdığına gərə dövlətimizin başçısına təşəkkür edirəm.
Masallı rayonunun 49425 minə nəfərə yaxın sakini tibbi müayinədən keçirilibdir
Dövlət başçısı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən ölkə əhalisinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da uğurla davam etdirilir. Mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov "Səs" qəzetinə bildirib ki, yaradılmış 5 həkim briqadası qrafikə uyğun olaraq hər gün ucqar ərazilərdə sakinlərin tibbi müayinələrini həyata keçirir. Bu işə yüksək ixtisaslı, təcrübəli həkimlər, tibb işçiləri cəlb olunmuşlar. Xəstəxananın kollektivi üzərinə düşən məsul vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır: "Onu da vurğulamaq istərdim ki, bu günə kimi 49425 nəfərə yaxın rayon sakini müayinədən keçmişdir. Müəyyən xəstəliklər aşkarlanan 878 sakin ambulator müalicəyə cəlb olunmuşdur".
Tibbi müayinə üzrə komissiyanın üzvü, Mərkəzi rayon xəstəxananın baş həkiminin müavini Mirdaməd Nəbiyev aksiyanın əhəmiyyəti, xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Fəxrəddin Nəzərov işlərin gedişi barədə danışdılar. Bildirildi ki, zərurət yarandıqda xəstələr müalicəyə cəlb olunurlar. İnsanın sağlamlığı onun cəmiyyətdə mövqeyi, işgörmə qabiliyyəti üçün də mühüm amildir. Təsadüfi deyildir ki, bu məsələ dövlətimizin və Prezidentimizin daim diqqət mərkəzindədir. Müayinədən keçənlər də vətəndaşların sağlamlığına göstərilən bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sağlamlığına yüksək qayğısı onun humanist siyasətinin, insan amilinə verdiyi önəmin tərkib hissəsidir. Bu qayğıya və diqqətə görə dövlətimizin başçısına minnətdarıq.
R.HÜSEYNOVA