Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 28-dən 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunan ənənəvi Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən bidlirmişlər ki, dörd ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı internetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunmuşdur.
Nazir Əli Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat vermişdir. TASİM-"Trans-Avrasiya Super İnformasiya Magistralı" və EPEG- "Avropa-Yaxın Şərq İnformasiya Magistralı" layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, həmçinin təhsildə informasiya-kommunikasiya texnologiyalarının inkişafından söz açmışdır.
Konfransda BTİ-yə üzv olan 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi iştirak etmişdir.
Konfrans işini aprelin 10-dək davam etdirəcək və sonda bəyannamə qəbul olunacaqdır.
Tədbir çərçivəsində nazir Əli Abbasov İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin baş katibi və onun müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirmişdir.
yap.org.az