Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmaq ATƏT regionunda ən mürəkkəb problemlərdən biridir. SİA bu barədə ATƏT-in rəsmi saytında yer alan təşkilatın 2013-cü il üçün illik hesabatına istinadən xəbər verir.Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmayıb:"Dağlıq Qarabağ münaqişəsi mürəkkəb məsələlərdən biri olub. Təşkilatın sədrliyi Minsk qrupunun həmsədrlərinin bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi istiqamətində fəaliyyətini dəstəkləyib".ATƏT-in illik hesabatında qeyd olunur ki, 1994-cü ildə atəşkəsin elan edilməsinə baxmayaraq, bu ərazidə atışmalar tez-tez baş verir və atəşkəs rejiminin pozulması demək olar ki, gündəlik müşahidə olunur. Təşkilatın hesabatında qeyd olunub ki, 2013-cü ildə beş mülki şəxs və 32 əsgər yaralanıb, 14 əsgər isə öldürülüb. Həmin dövrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası 16 dəfə təmas xəttinə və 9 dəfə sərhədə baş çəkib.Hesabatda həmçinin deyilir ki, 2013-cü ildə Ukraynanın ATƏT-də sədrliyi çərçivəsində təşkilat əsas diqqəti uzunmüddətli münaqişələrin həllinə və "Helsinki+40" prosesinin irəlilədilməsinə yönəldib.Hesabatda qeyd olunub ki, ATƏT-in Parlament Assambleyası müxtəlif ölkələrə 7 seçki müşahidə missiyası göndərib ki, həmin ölkələrdən biri də Azərbaycandır.Təşkilatın hesabatında həmçinin vurğulanıb ki, ATƏT-in Daimi Şurasının qərarına əsasən, təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib və ofis layihələrin əlaqələndiricisi statusu alıb.Hesabatda qeyd olunub ki, ofis məişət zorakılığında Azərbaycana dəstək səylərini davam etdirib. 2013-cü ildə Bakı ofisinə təşkilatın ümumi büdcəsinin 2 faizi - 2,830 milyon avro vəsait ayrılıb.
sia.az