Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun başçılıq etdiyi nümayəndə heyəti martın 31–dən aprelin 1-dək Azərbaycanda işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin nümayəndə heyəti ilə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış "Bakı və Həştərxan Dostluğu" abidəsi ilə tanış olmuşdur.
AzərTAc