Aidə Quluzadə). Aprelin 1-də Azərbaycan Respublikası Milli Məclisində Avstriya Milli Şurasının nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov ölkələrimiz arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu söyləmişdir.
Avstriyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən C.Qurbanov əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir. O, son illər Azərbaycanda əldə edilmiş uğurlardan, sürətli inkişafdan, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən danışmışdır.
Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf Avstriyanın Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. O, ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin mühüm töhfə verdiyini söyləmişdir. Qonaq Azərbaycanın sürətli inkişafının Avstriya xalqını da sevindirdiyini bildirmişdir. Azərbaycanın Avropaya inteqrasiya istiqamətində gördüyü işləri yüksək qiymətləndirən K.Kopf demişdir ki, bununla yanaşı, Azərbaycan xalqının öz dəyərlərini qoruyub saxlaya bilməsi də çox təqdirəlayiqdir. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə parlamentlərarası əlaqələr, bir çox sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc