PDF Oxu

Siyasət

  • 18

Dövlət hər zaman xalqın yanındadır

Dövlət hər zaman xalqın yanındadır

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi son 10 il müddətində sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olmuşdur. Dövlət başçısının istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas leytmotivini təşkil etmişdir.

Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə, Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.

Belə ki, həmişə olduğu kimi, 2014-cü ilin də əvvəllərindən başlayaraq, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərinin və rayonlarda əhali ilə keçirilən görüşlərin intensiv xarakter alması, eləcə də dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi bu sahə üzrə qəbul edilmiş proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub.

Prezident İlham Əliyevin

vətəndaşlarla açıq şəkildə təmas

qurması onlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirir

Dövlət başçısı hər səfəri zamanı ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olur, iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edir. Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur.

Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb. Əhali ilə görüşlərində respublikamızın bütün bölgələrində yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verildiyini, iş yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat və yaxşı yaşamalarına xidmət etdiyini bildirib. Həyata keçirilən bütün tədbirlər insanların sosial rifahının yüksəlməsi üçün nəzərdə tutulub. "Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Belə ki, ölkə Prezidentinin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 31 mart 2014-cü il tarixli Sərəncamı deyilənlərin bariz nümunəsidir. Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon (altı milyon yeddi yüz min) manatı Gədəbəy rayon icra hakimiyyətinə ayrılıb.

Beləliklə də, bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə istər dövlət büdcəsindən ayrılan xərclər, istərsə də Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitlərin yönəldilməsində məqsəd insanların rahat, firavan yaşamasına nail olmaqdır. Çünki bu, ölkə Prezidentinin apardığı uğurlu və məqsədyönlü siyasətin əsas prioritetidir.

R.HÜSEYNOVA

Digər xəbərlər