Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ordu generalı N.Özelin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra ordu generalı N.Özelin Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib.
Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı N.Özel Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
yap.org.az