"5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb". SİA-nın məlumatına görə, bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, girovlardan 122 nəfərin geri qaytarılıb, 43 nəfərin isə taleyindən hələ də xəbər yoxdur.BMT Təhlükəsizlik Şurası tərəfindən Kəlbəcər rayonun işğalı ilə bağlı qəbul edilən qətnaməyə toxunan A. Məmmədovun sözlərinə görə, BMT TŞ tərəfindən 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur: "Dünya birliyi də buna göz yumur. Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir". Açıqlaması zamanı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu deyən rayon icra başçısı vurğulayıb ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub: "Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. 3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edilib. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik".Qeyd edək ki, bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.
sia.az