Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Gənc Tamaşaçılar Teatrında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı (KRİH) Aqil Məmmədov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları Kəlbəcər rayonunun işğalı zamanı və yeni zamanda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverənliyi uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.Daha sonra "Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz" adlı məlumat kitabının təqdimatı üçün söz KRİH-nin başçısı Aqil Məmmədova verilib.Diqqətə çatdırılıb ki, 5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. Girovlardan 122 nəfərin geri qaytarılıb, 43 nəfərin isə taleyindən hələ də xəbər yoxdur.BMT Təhlükəsizlik Şurası tərəfindən Kəlbəcər rayonun işğalı ilə bağlı qəbul edilən qətnaməyə toxunan A. Məmmədovun sözlərinə görə, BMT TŞ tərəfindən 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur: "Dünya birliyi də buna göz yumur. Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir".Kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu deyən rayon icra başçısı vurğulayıb ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub: "Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. 3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edilib. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik".Daha sonra Kəlbəcər rayonuna həsr olunmuş "Kəlbəcər: Təbiətin möcüzəsi" filmi nümayiş etdirilib.Sonra söz Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova verilib.Baş nazirin müavini bildirib ki, artıq ağlamaq əvəzinə soydaşlarımızı, gənclərimizi torpaqlarımızı azad etməyə çağırmalıyıq: "Baş nazirinin müavini deyib ki, əgər Ermənistan tərəfi sonsuzluq kimi qeyri-konstruktiv mövqe nümayiş etdirsə, cənab Prezident İlham Əliyev bununla lazımi addımlarını atacaq. Ölkə başçısı dəfələrlə deyib ki, Ermənistan bütün dünya üçün təhlükədir. Əgər bir dövlətin rəhbəri terroristdirsə bu zaman həmin dövlətdən başqa nə gözləmək olar? Bütün dünya bilir ki, işğalçı ölkənin genində problem və qüsurlar mövcuddur.Kəlbəcərin ekoloji təmiz havası, suyu torpağı və gözəl dağları mövcuddur.Tarix boyu kəlbəcərlilər dövlətçilyimizə sadiq olublar. Onlar əyilməz və məğrurdurlar. Biz bunun canlı şahidiyik".Ə. Həsənov bildirib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə böyük güclər qısqanclıqla yanaşır: "Bizim problemi yaradan, ona səbəb olan bilməlidir ki, bir gün onun da qapısı bu problemlə döyüləcək. Avropa da bilməlidir ki, səkkiz başlı oyun oynamaq olmaz. Hər gün eşidirik ki, Suriyada minlərlə insan ölür. Niyə reaksiya vermirlər? Torpaqlarımız işğal olunanda niyə səslərini qaldırmadılar? Yeganə Türkiyə səsini qaldırdı. Biz də dünyanın gedişatına uyğun işimizi qurmalıyıq. Mən beynəlxalq təşkilatların təmsilçiləri ilə söhbətdə dəfələrlə demişəm ki, torpaqlar qayıdacaq, bəs min illərlə formalaşan adət-ənənə necə bərpa olunacaq?"
Çıxışlardan sonra Kəlbəcər rayonunun 21-ci ildönümü ilə bağlı 2 aprel 2014-cü il tarixdə Bakı şəhərində keçirilmiş anım mərasimində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət qəbul edilib.Tədbirə bədii hissə ilə yekun vurulub.
sia.az