Bu gün hakim Yeni Azərbaycan Partiyasının qərargahında Sosial məsələlər üzrə komissiyasının iclası keçirilib. SİA-nın xəbərinə görə, komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının rəhbəri Zahid Qaralov ilk olaraq iştirakçılara iclasın gündəliyi barədə məlumat verib.Z. Qaralov bildirib ki, komissiyanın 5 üzvü var: "Onlar Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli, komitənin digər üzvləri, millət vəkilləri Musa Quliyev, Məlahət İbrahimqızı, tibb elmləri doktoru, professor Cəmil Əliyev, AMEA-nın akademiki, əməkdar elm xadimi Südeyf İmamverdiyevdir".Çıxışının davamında komissiyanın sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bir çox sahələrdə, o cümlədən sosial sahədə mövcud olan problemlər aradan qaldırılıb: "Hazırda bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".Komissiyaların müxtəlif problemlərin aradan qaldırılmasında partiyaya yardımçı olduğunu deyən Zahid Qaralov fikirlərinə əlavə edib ki, sahələr üzrə yaradılan komissiyalarda partiyanın Siyasi Şurasının üzvləri və ekspertlər təmsil olunur: "Onlar ekspertlərlə birlikdə bu sahəyə aid müxtəlif sənədlərin hazırlanmasında iştirak edirlər. Cəmiyyəti narahat edən bütün problemli sahələr komissiyada əhatə olunacaq".Daha sonra çıxış edən komissiyanın üzvü Hadi Rəcəbli bildirib ki, ölkədə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır: "Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait təxminən 30 faiz təşkil edir. Qanunvericilikdə bütövlükdə əlillərin sosial müdafiəsi üçün ciddi məsələlər nəzərdə tutulur. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. Belə insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib-istifadəyə verilməsi də, bunun əyani təsdiqidir".O həmçinin qeyd edib ki, dövlət başçısının imzaladığı son sərəncam və fərmanlara görə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün, sosial müavinətlərin artırılması bu insanlara göstərilən qayğının əyani göstəricisidir: "Həmin insanların övladlarının təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də sosial müdafiənin əsas məqamlarından biridir. Bütün bunlar Azərbaycan dövlətinin torpaqlarımızın müdafiəsi uğrunda döyüşən insanlara olan müsbət münasibətinin ifadəsidir".İclasda komissiyanın digər üzvləri də çıxış edərək, iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda komissiyanın fəaliyyət proqramı və 2014-cü il üçün iş planı təsdiq olunub.Qeyd edək ki, YAP-ın tərkibində 12 komissiya fəaliyyət göstərir.
sia.az