"Bu gün Kəlbəcərin işğalınının ildönümünü xalqımız böyük acı ilə qarşılayır. Amma biz torpaqlarımızın azadlığı uğrunda mübarizəmizi sonədək davam etdirəcəyik". Bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, BMT TŞ tərəfindən 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur. Onun sözlərinə görə, dünya birliyi də bu faktv göz yumur.
"Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir. Bununla belə münaqişənin həlli istiqamətində danışıqlar davam etdirilməlidir. Prezidentimiz bütün yüksək tribunalardan hər zaman bəyan edir ki, heç bir halda Azərbaycan torpaqlarının bir qarışı düşmənə verilə, ikinci erməni dövləti yaradıla bilməz. Üçrəngli bayrağımız Dağlıq Qarabağda, Şuşada, Xankəndində, işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq"- deyə, B.Səfərov vurğulayıb.
yap.org.az