PDF Oxu

Siyasət

  • 25

Mübariz Əhmədoğlu: “Rusiyanın strateji müttəfiqi olmaq üçün əvvəlcə onun səfirini öldürməlisən"

Mübariz Əhmədoğlu: “Rusiyanın strateji müttəfiqi olmaq üçün əvvəlcə onun səfirini öldürməlisən"

"Rusiyanın strateji müttəfiqi olmaq üçün onun səfirini öldürməyi, metrosunda terror hadisəsi törətməyi, SSRİ kimi imperiyasını dağıtmağı, saxta pul kəsməklə iqtisadi diversiyalar törətməyi bacarmaq lazımdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Politoloq deyib ki, bunlarla yanaşı dünyada hələ ki, heç kəsin tanımadığı çərkəz soyqırımını tanımalısan: "Çərkəz soyqırımını tanımaq üçün uzun müddət Rusiyanın Şimali Qafqazındakı vəziyyətini digər dövlətlərlə müzakirə etməlisən. Çünki Şimali Qafqaz Rusiyanın ən həssas regionudur və bu regionda da çərkəz məsələsi açar məsələdir. Bütün bu işləri ermənilər ediblər. Ona görə indi alnı açıq şəkildə özlərini Rusiyaya strateji müttəfiq hesab edirlər, eləcə də Rusiya da Ermənistanı özünün yeganə strateji müttəfiqi hesab edir. Ermənistanın atdığı addımlar və Rusiyanın ona göstərdiyi qayğı Ermənistan Rusiya strateji münasibətlərinin böyük perspektivi olduğunu göstərir. Şimali Qafqazda xaotik vəziyyət başlasa, bu Rusiya ilə Ermənistanın strateji müttəfiqliyini daha da möhkəmləndirəcək, çünki SSRİ-ni dağıtdıqdan sonra Ermənistanla Rusiya arasında strateji müttəfiqlik daha da gücləndi. Rusiya ermənilərin əli ilə dağılmağa başladıqda Rusiya-Ermənistan strateji müttəfiqliyi apogeyə yaxınlaşacaq. Vaxtilə İranda şah və Britaniya səfiri ilə birləşib rus səfiri A.Qriboyedovu ölümündə iştirak etməklə ermənilər bu gün Rusiya xarici işlər nazirinin faktiki sahibinə çevriliblər".M.Əhmədoğlu qeyd edib ki, SSRİ-nin dağılması Dağlıq Qarabağdan başladığı üçün ruslar Qarabağı ermənilərə bağışladılar: "Qonşularını qorxutmaq üçün Ermənistan ərazisində RF-in hərbi bazasıını yerləşdirdi. Azərbaycan belə işləri bacara bilməz. Ona görə də özünü Rusiyanın strateji müttəfiqi adlandıra bilməz. Heç Rusiya da Azərbaycanı strateji müttəfiq hesab etmir. Azərbaycanın Rusiya ilə siyasəti günahkar siyasətidir və cəzalanmalıdır, çünki Azərbaycan 1991-ci ilin 17 mart referendumunda SSRİ-nin qalmasına səs verdi. Azərbaycan əhalisi indinin özündə də rus dillidir, rus dilini təhqir etmir. 17 mart referendumunda ermənilər kimi SSRİ-nin dağılmasına və 1-2 il bundan qabaq rus dilinin təhqir edilməsi ilə bağlı kampaniya aparsaydı bəlkə də Rusiyanın strateji müttəfiqliyinə namizədliyini irəli sürə bilərdi, amma yəqin ki bu mümkün deyil. Çünki Ermənistan bu gün Qafqazda vəziyyəti gərginləşdirən istiqamətdə addımlar atır. Hiss olunur ki, Rusiyanın belə siyasətdən ehtiyacı var. Azərbaycan isə Qafqazda vəziyyəti sabitləşdirmək istiqamətində fəaliyyət göstərir. Rusiyanın bu siyasətdən ehtiyacı yoxdur".M.Əhmədoğlu onu da deyib ki, MDB dövlətlərini təzyiq altında saxlamaq Rusiya üçün faydalı deyil: "RF SSRİ-ni bərpa etməklə özünün dağılmasının bünövrəsini qoyacaq. MDB xalqlarının əksəriyyətinin prizmasından rus mədəniyyəti və ədəbiyyatı rus hərbindən daha kəsərlidir. Tarixi imperiyaların böyük əksəriyyəti öz mədəniyyətləri ilə tərkibində olmuş xalqları ətraflarında birləşdirə biliblər. Böyük Britaniya Birliyi bunun parlaq nümunəsidir. Rusiyanın hakim elitası rus xalqının mədəniyyətinin və ədəbiyyatının gücünə inanmır, ona görə hərbi işə salıb. Hərb qısa müddət ərzində keçmiş SSRİ dövlətlərinin böyük əksəriyyətini keçmişə qaytara bilər. Amma ilk fürsətdə həmin dövlətlər yenidən Rusiyadan ayrılacaq düşmənə çevriləcəklər. Krım ətrafında hadisələr Vladimir Putinin xeyrinə başa çatdı. Amma Putin sabitləşmə-sakitləşmə dövrünü başlaya bilmir. Görünür RF-in siyasi elitası sabitləşmə dövrünü başlamağa hazır deyil".Politoloq deyib ki, RF hansı uğurla Krım hadisələrini başa çatdırdısa, eyni uğurla da sabitləşmə dövrünü yaxınlaşdırmalı idi: "Sabitləşmə proseslərinin başlanmamasının günahkarı Suriya hadisələri, Qərbin iqtisadi-siyasi sanksiyaları, ritorikası deyil, Rusiyanın özüdür. Belə davam edərsə, RF bir gərginlik mənbəyini digəri ilə əvəzləyəcək. Bu gün Rusiya zəif görünmür. Lakin o həmçinin uzun müddətli geosiyasi mübarizəyə də hazır deyil. Rusiyanın daxili buna imkan vermir. Qısa müddət ərzində Rusiyadan 30 milyard dollar kapital axını çox şey deməkdir. Ona görə RF növbəti mübarizə mənbəyinin yaranmasına imkan verməməli, sabitləşmə-sakitləşmə dövrünü xeyli yaxınlaşdırmalıdır. Bunun ən rahat variantı Türkiyə ilə münasibətlərə diqqətin artırılmasıdır: RF, o cümlədən V.Putin bunu görmür və ya görmək istəmir. Şimali Qafqazda vəziyyətin gərginləşməsinin qarşısını yalnız isti Türkiyə-Rusiya münasibətləri ala bilər. Azərbaycana bu məsələdə hədsiz ciddi ehtiyac var. Ötən hər gün indi RF-i bir gərginlik mənbəyinin digəri ilə əvəzlənməsinə aparır. Gərginlik ocaqlarının sayını 2 olması daha çox ehtimallıdır. 2 cəbhədə uzun müddətli mübarizədən sonra RF bu gün əldə etdiklərini tam itirə bilər".

sia.az

Digər xəbərlər