"Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir". Bu fikirləri iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.
S.Məmmədovun sözlərinə görə, bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib. Onun sözlərinə görə, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.
"Ölkə Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az