"Rusiya Federasiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir". SİA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı deyib.O təklif edib ki, V. Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin hərəkətlərinin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur: "Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən Jirinovskiyə kifayət qədər tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o, heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!".
sia.az