"Son dövrdə həqiqətən də Azərbaycana rəsmilərin səfərlərinin sayı çoxalıb. Bu, bir növ ölkəmizin geopolitik əhəmiyyətindən xəbər verir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın, Türkiyə Silahlı Qüvvələrinin Qərargah rəisinin və Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfəri və s. ölkəmizin nüfuzundan və dünyada qazandığı mühüm roldan xəbər verir: "Bu yaxınlarda Rusiyanın Qərargah rəisinin də nümayəndə heyəti ilə birgə Azərbaycana səfəri gözlənilir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın bir sıra mühüm məsələlərdə, xüsusilə də regional, beynəlxalq məsələlərdə davranışı həlledici rola malikdir. Bir sözlə, ölkəmizin atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir. Bu hadisələrə qiymət verərkən hesab edirəm ki, Krım ətrafında yaranmış gərginliyi və bu kontekstdə Qərbin Rusiya ilə münasibətlərinin kəskinləşməsi faktorunu önə çəkmək lazımdır. Çünki məlum olduğu kimi, ABŞ, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar rejimini işə salıb. Bunun eyni zamanda enerji sektorunu da əhatə edəcəyi bəllidir. Artıq bu məsələlər getikcə aktuallaşır. Belə olan təqdirdə heç şübhəsiz ki, təxminən ildə 530 milyard kubmetrlik qaz istehlak edən Avropa İttifaqı üçün Rusiyadan gələn təxminən 33-40 faizlik qazın yerini doldurmaq lazımdır. Əgər Rusiya qazından mərhələli şəkildə imtina edilərsə, bu halda Qərb bunun əvəzində əlavə mənbələr tapmalıdır.Hesab edirəm ki, məsələyə bu kontekstdə yanaşdıqda ABŞ və Türkmənistan arasında danışıqlar, Türkmənistan prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışıqları və s. kimi faktorlara diqqəti cəlb etmək lazımdır. Bu kontekstdə Transxəzər qaz kəməri layihəsi kifayət qədər aktuallaşa bilər. Hesab edirəm ki, Azərbaycanın bu prosesdə rolu və çəkisi də artmış olur".
sia.az