Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə bir sıra görüşlər keçirilmişdir.
Komitədən AzərTAc-a bildirilmişdir ki, Ankarada Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq xarici işlər naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin ilə keçirilmiş görüşdə Forumda müzakirə ediləcək mövzular barədə fikir mübadiləsi aparılmışdır. Müzakirədə əsas diqqət II Qlobal Müştərək Cəmiyyətlər Forumunun əsas mövzularından biri olan münaqişələrin həllinə ayrılmışdır.
Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə də toxunan Hikmət Çətin bildirmişdir ki, təşkilat artıq bir beynəlxalq təşəbbüs olaraq böyük düşüncə mərkəzinə çevrilmişdir.
Misirin paytaxtı Qahirədə də Foruma hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin rəhbərliyi ilə Təşkilat Komitəsinin son toplantısı reallaşmışdır. Toplantıda iştirak edən Latviyanın keçmiş prezidenti Vayra Vike Freyberqa, Boliviyanın keçmiş dövlət başçısı Jorge Quiroga, Niderlandın keçmiş Baş naziri Vim Kok, BMT-nın Hökumət Komissiyasının sədri, UNESCO və Dünya Telekommunikasiya Birliyinin Brodband komissarı, səfir Valter Füst Forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun davamı olan II Qlobal Müştərək Cəmiyyətlər Forumu aprelin 27-dən 30-dək keçiriləcəkdir. Forumda 200 nəfər keçmiş dövlət və hökumət başçısının, eləcə də nüfuzlu elm adamlarının, ictimai xadimlərin iştirakı gözlənilir.
AzərTAc