Xəbər verdiyimiz kimi, aprelin 6-dan 8-dək Vilnüsdə Litva Seymində bu ölkənin tarixində ilk dəfə Avropa İttifaqının üzvü olan dövlətlərin parlament sədrlərinin konfransı keçirilir.
Aprelin 7-də konfransın birinci iclası olmuşdur. Həmin iclasda Aİ parlamentlərinin sədrləri iqtisadi və maliyyə böhranından sonra Avropa İttifaqının rifahının təmin olunmasında parlamentlərin rolu məsələsini müzakirə etmişlər.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu konfrans iştirakçılarını Brüsseldən salamlayaraq demişdir ki, 2014-cü il Avropa İttifaqı üçün əlamətdar ildir, çünki bu il may ayında Avropa parlamentinə seçkilər keçiriləcəkdir.
J.Barrozu qeyd etmişdir ki, Avropa bütövlükdə resessiya vəziyyətindən çıxmışdır. Avropa komissiyasının sədri demişdir: "Biz yeni iqtisadi artım müşahidə edirik. Lakin açıq deməliyik, problemlər hələ də çoxdur. Gənclər arasında işsizlik məsələsi əvvəlki kimi ən böyük problemdir". J.Barrozu bildirmişdir ki, maliyyə böhranının ən şiddətli vaxtında bəzi dövlətlər tərəfindən qəbul edilmiş bu və ya digər qərarlar başqa ölkələrə və bütövlükdə Avropa iqtisadiyyatına çox mənfi təsir göstərə bilər.
Demokratik legitimlik və məsuliyyət məsələsinə gəldikdə isə, J.Barrozunun fikrincə, aydındır ki, Avropa səviyyəsində demokratik məsuliyyət ilk növbədə Avropa parlamenti tərəfindən təmin edilir. Lakin Avropa İttifaqı məsələlərində, habelə milli büdcə-maliyyə və iqtisadi siyasətin həyata keçirilməsində milli parlamentlər həmişə həlledici rol oynayacaqlar.
AzərTAc