Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da gücləndirir. İndi Azərbaycanda yeni müasir hava limanları inşa olunur, mövcud aerovağzal kompleksləri isə dünya standartlarına uyğun, əsaslı şəkildə yenidən qurulur. Bu proses yalnız Bakı ilə məhdudlaşmır. Artıq Azərbaycanın bölgələrində də beynəlxalq hava limanları fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, respublika ərazisində mövcud olan aeroportların maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter almışdır. Naxçıvan beynəlxalq hava limanı üçün yeni inzibati binanın inşası da bu qəbildən olan layihələrdən biridir. Bu tədbirlər sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan mülki aviasiyasının inkişafına mühüm töhfələr verir.
Dövlətimizin başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxdı.
Bildirildi ki, bu maşınların arasında təyyarə yanacağı daşıyan, yanacaqvuran, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan avtobuslar, eləcə də sağlamlıq imkanları məhdud sərnişinləri hava gəmilərinə mindirmək və qarşılamaq üçün xüsusi avadanlıqla təchiz edilən maşınlar vardır. Yeni alınan avtotrap və avtokonveyerlər, qoşqular və təyyarədartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, təyyarə mühərrikini hava ilə işə salan aqreqat, hava gəmilərini buzlaşmaya qarşı hazırlayan və uçuş-enmə zolağını qardan və buzdan təmizləmək üçün nəzərdə tutulan maşınlar da yüksək texniki göstəricilərə malikdir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Sonra Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdilər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilmişdir. Burada işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılmışdır.
Dünən Prezident İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub. Ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycandakı biznes mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə bölgələrdə müasir biznes mərkəzlərinin yaradılmasıdır. Naxçıvanda yeni inşa edilən Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir. Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış oldu. Burada müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi vardır. Diqqətə çatdırıldı ki, uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artmışdır. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artmışdır. Prezident İlham Əliyevə məlumat verildi ki, sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları sərgilənir. Məhsullar yüksək keyfiyyəti ilə seçilir. Bu, ilk növbədə, məhsulların hazırlandığı müəssisələrin ən müasir avadanlıqla təchiz edilməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, indi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara nəinki Cənubi Qafqaz və MDB, eləcə də dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir. Bu isə heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə apardığı uğurlu iqtisadi siyasətlə bağlıdır.
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni yaradılan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub. Azərbaycanda tarixi, mədəni, dini abidələrin qorunması işinə yüksək diqqət göstərilir. Dövlətin bu sahədə həyata keçirdiyi konkret və çoxsaylı layihələr nəticəsində indi belə obyektlərin hamısı qorunaraq bərpa edilir. "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması bu istiqamətdə Azərbaycan dövlətinin atdığı addımların nəticələrinin genişmiqyaslı olduğunu göstərir. Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda, Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilmişdir. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır. Diqqətə çatdırıldı ki, kompleksdəki mağarada da bərpa işləri aparılmışdır. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır. Muzey kompleksi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Ölkəmizdə gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlər sistemli xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalmışdır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı" bu istiqamətdə mühüm rol oynamışdır. Hazırda həyata keçirilən "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərinin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Gənclər Mərkəzində kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, kompyuterlərin hər birinin internetə çıxışı təmin olunmuşdur. Mərkəzdə xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir. Dövlətimizin başçısı "Xəmsə" intellektual oyununa baxdı. Naxçıvan Muxtar Respublikasında gənclər artıq cəmiyyət həyatında mühüm rol oynayırlar. "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il tarixli Fərman muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionda gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Son illər muxtar respublikanın şəhər və rayonlarında Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni inşa olunan Naxçıvan Gənclər Mərkəzi də bu sahədə atılan növbəti uğurlu addımdır. Bu sosial obyekt gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də "N" saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxıb.
Güclü Azərbaycan Ordusunun yaranması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin həyata keçirdiyi taleyüklü işlərin nəticəsidir ki, 1993-2003-cü illərdə nizami və qüdrətli Azərbaycan Ordusunun təməli qoyulmuş, əsgər və zabitlərimizin hərbin sirlərinə daha da dərindən yiyələnmələri üçün mühüm şərait yaradılmışdır. 2003-2013-cü illərdə isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu özünün ən yüksək inkişaf mərhələsini yaşamışdır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü büruzə verir. Blokada şəraitində olan və düşmənlə üz-üzə dayanan Naxçıvandakı Silahlı Qüvvələr istər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təchizatı baxımından ən müasir hərbi standartlara cavab verir. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verdi. Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verildi. Bildirildi ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən Prezident İlham Əliyev Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsini üstələməsini bir vəzifə kimi qarşıya qoymuşdu. Tezliklə bu strateji hədəfə nail olunmuşdur. Ötən ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclər 3 milyard 730 milyon dollara çatdırılmışdır. Həmin il Ermənistanın dövlət büdcəsinin gəlir hissəsi isə cəmi 2,5 milyard dollar təşkil etmişdir. Azərbaycan ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərimizin peşəkarlığının və döyüş ruhunun artırılması bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etməyə istənilən an hazırdır.
Bütün sahələrdə regionun lider dövləti olan Azərbaycan hərbi sahədə də liderlik zirvəsindədir. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadirdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə Naxçıvanda təqdim olunan yeni, ən müasir standartlara uyğun hərbi texnika və silah-sursat bu danılmaz həqiqətin növbəti əyani nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında da iştirak edib. Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məlumat verdi ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin qayğısı sayəsində bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.
Prezident İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa edilir. Təqdirəlayiq haldır ki, bu layihələr indi hər bir rayonu, kəndi və qəsəbəni əhatə edir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır. Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılmışdır. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Bildirildi ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılmışdır. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilmişdir. Tikinti işləri aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri və yol-hərəkət nişanları quraşdırılmışdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat yollarının xəritəsinə də baxdı. Ümumilikdə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü isə təmir olunmuşdur. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılmışdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur. Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. Bu işlər Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar edilən sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvanda və rayon mərkəzlərində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2012-ci ildə başlanan kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. İnzibati bina iş otaqları, idarəetmə mərkəzi, laboratoriya, iclas zalı və digər yardımçı otaqlardan ibarətdir. Laboratoriyada quraşdırılan müasir avadanlıq suyun tərkibinə gündəlik nəzarət etməyə imkan verəcəkdir.
Sonra Prezident İlham Əliyev sutəmizləyici qurğunu işə saldı. Azərbaycan Prezidentinə burada quraşdırılan nanosüzgəcli qurğu barədə məlumat verildi. Qeyd edildi ki, iqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılan kompyuterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlandı.
Məlumat verildi ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzilə su verilmişdir. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuşdur.
Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də Kəngərli Rayon Mərkəzi Xəstəxanasıdır. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcəkdir. Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılmışdır. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada Özəl Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, "İmplant-dent" Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ arsenli su müalicəxanası da daxil olmaqla ümumilikdə 48 səhiyyə obyekti tikilmiş, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılmış və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. 2005-2010-cu illərdə isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr evi, Naxçıvan Şəhər Təcili Tibbi Yardım Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəz, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Yeni bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılmışdır. Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması mərasimində də iştirak edib.
Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm Dövlət proqramları qəbul olunmuşdur. Proqramlara əsasən Naxçıvan Muxtar Respublikasında da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım edir. Bütün bunlar Prezident İlham Əliyevin belə vacib və strateji əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını bir daha təsdiqləyir. Təsadüfi deyildir ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hələ 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır. Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücü 60 meqavat artmışdır. Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlamış, Şərur rayonunda "Arpaçay" Su Elektrik Stansiyasının işə salınması istiqamətində mühüm işlər görülmüşdür.
Əvvəlcə "Arpaçay-2" Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır. Dövlətimizin başçısı "Arpaçay-2" Su Elektrik Stansiyasını işə saldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də "Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında" imzaladığı Sərəncam əsasında aparılmışdır. Sərəncama əsasən, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.
Sonra Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaqdır.
Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətləri çəkilmişdir. Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasını işə saldı. Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev bildirdi ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır:
"Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir. Bu münasibətlə bütün Naxçıvan sakinlərini, Naxçıvan Muxtar Respublikasının rəhbərliyini ürəkdən təbrik edirəm.
Naxçıvan şəhəri gözəlləşir, abadlaşır, sosial proqramlar icra edilir, sosial infrastruktur layihələri uğurla həyata keçirilir. Əlbəttə ki, Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz "Vayxır", "Biləv" su elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın.
Bu gün Azərbaycan reallıqları bundan ibarətdir. Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərmiş Azərbaycan, bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu ixrac getdikcə artır, daha da artacaqdır. Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq."
Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı.