"Son illər dünyanın və Avropanın xəritəsini yenidən formalaşdırmağa doğru açıq və gizli cəhdlər getdikcə güclənir. Dünyada və Avropada qütbləşmə ehtimalı böyüyür. Ona gərə də lap əvvəldən soyuq müharibənin doğurduğu fəsadları yox etmək üçün yaranmış və mübarizələr aparmış Avropa Şurasının indiki vəziyyətdə vəzifələri artır". Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deuptatı Rafael Hüseynov deyib.
R.Hüseynov bildirib ki, Avropa Şurası öz sıralarına yenidən diqqət yetirməlidir. Onun sözlərinə görə, təşkilat 14 il ərzində öz sıralarında digər üzv dövlətin ərazisini işğal etmiş, dünyanın qəbul etdiyi ərazi bütövlüyü prinsiplərini pozmuş Ermənistan kimi bir ölkənin varlığına dözübsə, buna qarşı kifayət qədər sərt mövqe nümayiş etdirməyibsə, belə arzuolunmaz presedentin gec-tez başqa oxşar bəlaları yaradacağını da nəzərə almalı idi.
"Fikir verməliyik ki, hansı üzv ölkə kimlərin yanındadır, prinsiplərimizə uyğun olmayan hansı dövlətlərlə eyni mövqedədir. İnanıram ki, assambleya növbəti sessiyalardan birindəki təxirəsalınmaz müzakirələrini hansısa üzv ölkədə, ya ölkələrdə artıq yaranmış kritik vəziyyətin nəticələrinin təhlilinə deyil, üzv ölkələrin bir çoxunun qarşılaşa biləcəyi mümkün təhlükələrin qarşısının necə alınması yollarının axtarılmasına həsr edərsə, bu, daha düzgün olar və ortaq maraqlarımız baxımından daha artıq fayda verərdi"-deyə, R.Hüseynov qeyd edib.
yap.org.az