"Azərbaycanla Türkiyənin münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra ilk xarici səfərini ölkəmizə etməsi bu faktı bir daha təsdiqləyir". Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Türkiyə Baş nazirinin bu səfəri birliyimizin daha da güclənməsinə öz töhfəsini verəcək. Onun sözlərinə görə, bütövlükdə, son illər hər iki dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində önəmli addımlar atılır.
"Səfər zamanı müzakirə olunan məsələlər və verilən bəyanatlar Azərbaycan ilə Türkiyənin münasibətlərinin hansı prinsiplərə əsaslandığını bir daha təsdiqlədi. Bu, dostluq və qardaşlıq prinsipləridir. Xüsusilə, Dağlıq Qarabağ problemi ilə bağlı hər iki dövlət və xalq eyni mövqe nümayiş etdirir. Şübhə yoxdur ki, dövlətlərimiz gələcəkdə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirəcək. Bu səfər əlaqələrimizin inkişafında yeni bir səhifədir"- deyə, N.Cəfərov vurğulayıb.
sia.az