"Ölkə Prezidentinin "Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və Nazirlər Kabinetinin "Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23 oktyabr tarixli sərəncamının icrası məqsədilə bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasındakı dövlət sərhədində və Azərbaycan ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə Azərbaycan ilə İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təxirəsalınmaz tədbirlərdən biri də ölkəmizin digər dövlətlərlə dövlət sərhədlərinin müəyyən edilməsi olmuşdur. Hələ 1995-ci ildə Azərbaycan Prezidenti ölkəmizin Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı dövlət komissiyalarının yaradılmasına dair müvafiq sərəncamlar imzalamışdır". Bu fikirləri yap.org.az saytına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov deyib.
Q.Məmmədov bildirib ki, həmin dövlət komissiyalarının tapşırıqları əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri həm Rusiya, həm də Gürcüstanla sərhəddə böyük həcmdə geodeziya, kartoqrafiya və yerquruluşu işlərini həyata keçirmişlər. Ölkəmizin və digər dövlətlərin arxivlərində sərhədə aid minlərlə sənədlər, xəritələr, sxemlər, torpaqayırma, yerquruluşu, meşəquruluşu və başqa materiallar öyrənilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Onun sözlərinə görə, dövlət sərhədi boyu ərazilər yerində dəqiqləşdirilmiş və kimə məxsus olması müəyyən edilmişdir. Təbii ki, bu mövzuda məsələlərin həlli zamanı mübahisələr də yaranmışdır. Buna baxmayaraq, tərəflər ardıcıllıqla bütün sərhəd xəttini müəyyən etmişlər. Delimitasiya ilə bağlı işlərin kifayət qədər bağlı olması həmin məsələlərin uzun müddət ərzində həll olunmasını bir daha təsdiqləyir.
"Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də hər iki ölkənin prezidentləri tərəfindən sərhəd müqaviləsi imzalanmışdır və sərhəd xəttinin keçməsinin yazılı təsviri təsdiq olunmuşdur. Həmin il sentyabrın 27-də isə Həştərxan şəhərində dövlət sərhədlərinin xəritələr toplusu da təsdiqlənmişdir. Beləliklə, Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçməsi hər iki dövlət tərəfindən razılaşdırılmışdır. Hər iki ölkənin parlamentləri də sərhəd haqqında müqaviləni ratifikasiya etmişlər. Yaxın vaxtlarda dövlət sərhədinin nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq. Azərbaycanla Gürcüstan arasında hələ ki delimitasiya işləri tamamlanmamışdır və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 288 km dövlət komissiyaları səviyyəsində razılaşdırılmışdır. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Azərbaycan Respublikasının İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yenidən qurulması) və sahilbərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli görüşlər keçirir və digər işlər aparırlar"- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.
yap.org.az