"Böyük potensialı olan və Şərqin ən böyük ölkələrindən biri də İrandır. İran həmçinin bir çox məsələlərdə söz sahibidir. Buna görə də İranla Azərbaycan arasındakı əlaqələrin sıx olması hər iki ölkə üçün önəmlidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin İrana səfərinin əhəmiyyətindən danışarkən deyib.Belə görüşlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini vurğulan işçi qrupunun üzvü bildirib ki, Azərbaycana həm etnik, həm də dini baxımdan İran qədər yaxın olan ikinci bir dövlət yoxdur: "Eyni zamanda İranda 35 milyon azərbaycanlı yaşayır. Mədəniyyətlərimizin bir çox səhifəsi müştərəkdir. Parlamentin İslam Əməkdaşlıq təşkilatının nümayəndə heyətinin rəhbəri olaraq da deyə bilərəm ki, İrandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe tutmasını gözləyirik. Təşkilatın əsas fəaliyyət prinsipi müsəlman həmrəylinin təmin edilməsidir. İran da hər zaman İƏT-in qəbul etdiyi bütün qətnamələri dəstəkləyir. Lakin təəssüf ki, bəzən Ermənistanla əlaqələr yaratdığının şahidi oluruq. Hətta həmin əlaqələr yüksələn xətlə inkişaf edir. İrandan daha konkret mövqedən çıxış etməsini gözləyirik. Necə ki qardaş ölkə olan Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəkləyir, eləcə də İrandan bu dəstəyi gözləyirik".
sia.az