Bu gün Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlukatına görə, tədbirdə MŞ-nın sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, "Əks-səda" firmasının rəhbəri Vüqar Həsənov və digər qonaqlar iştirak ediblər.MŞ sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyəti həmişə diqqət mərkəzində saxlayıb. Ötən ilin noyabrında cənab prezidentin media nümayəndələri ilə görüşündə bu məsələnin qabardılmasından, xüsusən də dövlət başçısının qəzet yayımına maneələrin dözülməz olduğuna dair fikirlərindən sonra işimizə daha sistemli yanaşdıq: "Bununla əlaqədar xüsusi komissiya formalaşdırıldı və komissiya yayım firmalarının təmsilçiləri ilə birlikdə müvafiq araşdırmalar apardı. Mövcud sahədəki real vəziyyətin mənzərəsini canlandırdı və təkliflər paketini ölkə rəhbərliyinə təqdim etdi. Nəticə etibarilə müəyyən pozitiv meyllər yarandı. Düşünürəm ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, insanların harada, yəni hansı yaşayış məntəqəsində yaşamasından asılı olmayaraq, informasiyaya olan tələbatının ödənilməsidir. Buna görə rentabellilik amili nəzərə alınmaqla paytaxtın, eləcə də respublikanın bir çox yerlərində qəzet köşklərinin olması, saylarının artırılması vacibdir. Bu gün Bakı şəhərində 150-yə yaxın köşk fəaliyyət göstərir. Məsələn, yalnız Bakı və ətraf qəsəbələrdən 500-dən artıq köşkün qoyulmasına ehtiyac var.İkinci cəhət insanların çoxluq təşkil etdiyi yerlərdə qəzet satışının reallaşdırılmasıdır ki, bu isə birbaşa mətbuat orqanlarının mənfəəti nöqteyi-nəzərdən vacibdir. Əlbəttə, burada da cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi amilindən yan keçilməməlidir. Media ictimaiyyətinin yekdil fikri bundan ibarətdir ki, insanların çoxluq təşkil etdiyi yerlərdə satış işi yoluna qoyulmalıdır.Bakı günü-gündən abadlaşır, dəyişir. Bu baxımdan köhnə qəzet stendləri ümumi mənzərəyə uyğun gəlməyə bilər. Ancaq istərdik ki, yeni satış sisteminə keçid uğurla başa çatsın, yeni köşklərin qoyulmasınadək köhnə sistem saxlanılsın". Daha sonra Komissiyanın sədri Vüqar Rəhimzadə deyib ki, komissiya yarandığı gündən Bakı şəhərində yayımla bağlı xeyli iş görülüb: "Qarşımıza məqsəd kimi ilk növbədə problemlərin aradan qaldırılmasını qoymuşduq. Hesab edirəm ki, görülən işləri uğurlu adlandırmaq olar. Çünki müəyyən addımların atılması vacib olub və biz bunu etmişik. Sevindirici haldır ki, ortada müsbət nəticə var və bu barədə kifayət qədər yaxşı fikirlər söylənilir".
sia.az