"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin rəsmi twitter səhifəsində qeyd etmişəm ki, yaxşı olardı ki, o, bu işə təyin olunmamışdan əvvəl baş verən vəziyyətlərə nəzər yetirsin. Yalnız onda görər ki, bütün mərhələlərdə Ermənistan danışıqlar prosesini pozmaq üçün əllərindən gələni edib. Hətta onun rəsmi səhifəsində yazdım ki, Ermənistan və Azərbaycan icmalarının görüşməsinin tərəfdarıyıq. Lakin bu o demək deyil, onları tərəf kimi qəbul edə bilərik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov C. Uorlikin "twitter"-dəki münaqişənin Azərbaycan və Dağlıq Qarabağ arasında olmasına dair şərhinə münasibət bildirərkən deyib.Fuad Muradov vurğulayıb ki, yəqin Uorlik həmsədr vəzifəsinə yeni təyin olunduğundan mövcud stiuasiyaları dəqiq bilmir: "Hər kəsin bildiyi bir məqam var ki, Dağlıq Qarabağda yaşayanların 2 icması var. Həmin icmalardan biri ermənilərin, digəri isə azərbaycanlılarındır. Dəfələrlə bəyan etmişik ki, icmalar arasında görüş təşkil olunsun. Lakin tərəf olaraq bu məsələdə ATƏT-in prinsipləri mövcuddur. Ermənistan bilavasitə separatçı rejimin yaranmasında və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Burada heç bir yerli icmanın separat meylləri haqqında söhbət gedə bilməz. Ona görə də bu, Ermənistan və onun havadarları tərəfindən həyata keçirilən siyasət olub. Bildiyiniz kimi, bir sıra xarici ölkələrdə erməni lobbisi olduqca güclüdür. ABŞ-da keçirilən seçkilərdə belə həmin ermənilər çox rahat şəkildə iştirak edə bilirlər. Ona görə də bəzi Amerika siyasətçiləri bu kimi fikirlər səsləndirdikdə, onlar həmin diaspor təşkilatlarının mövqeyini eşidirlər. Bununla yanaşı, son zamanlar baş verənlər Ermənistanın hansı mövqedən çıxış etdiyini bir daha göstərmiş olur". Millət vəkili həmçinin Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin üstünlüklərindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan və İran ən böyük sərhədi olan qonşu dövlətlərdir: "Azərbaycan İranla mütəmadi şəkildə bir çox sahələrdə əməkdaşlıq edib. Eyni zamanda iki ölkə arasında dərin tarixi bağlılıq var. Bütün bunlara baxmayaraq, bəzi məqamlarda müəyyən çatışmazlıqların şahidi olmuşuq. Belə ki, bundan əvvəlki hökumətin vaxtında İranın Ermənistanla isti münasibətləri olub. Hesab edirəm ki, bu məsələdə İran xalqının fikirləri tamam başqadır. Bir sözlə, İlham Əliyevin İrana səfərini regionda yeni bir mərhələnin yaranması kimi şərh edərdim".
sia.az