PDF Oxu

Siyasət

  • 29

Prezidentin Naxçıvana səfəri bu bölgənin inkişafından xəbər verir

Prezidentin Naxçıvana səfəri bu bölgənin inkişafından xəbər verir

İlham Əliyev: "Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir"

Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olmuşdur. Ölkə başçısında olan bir sıra yüksək keyfiyyətlər - qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı Azərbaycanın inkişafını və müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdəndir. Dövlət başçısının istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas leytmotivini təşkil etmişdir.

Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə, Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.

Uğurlu və nəticəli hesabatlar

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalırsa, bu dinamikanın özü düşünülmüş siyasətin uğurlu nəticəsidir. Ölkəmizin bütün şəhər və rayonlarına intensiv səfərlərlə əlamətdar olan dövlət başçısı İlham Əliyevin səfər proqramlarında əsas yeri məhz sakinlərlə görüşlər təşkil edir. Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər ölkə Prezidentinin vətəndaşların məhz qayğılarına və problemlərinə həssas münasibətinin nümayişinə çevrilir. Odur ki, Prezident İlham Əliyevin regionlara səfəri şəhər və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmur, eyni zamanda, sadə insanların həyatında dərin və silinməz iz buraxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illk yubileyi ilə bağlı səfəri zamanı da bunun bir daha şahidi olduq.

Naxçıvanda Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi muxtar respublikada böyük dəyişikliklərə səbəb olub. Azərbaycanın bu regionunun da uğurları ildən-ilə artır. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl bu diyarın sakinlərinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa edilir, yeni-yeni istehsal sahələri yaradılır. Əhalisinin çoxunun kəndlərdə yaşadığı Naxçıvanda aqrar sahənin inkişafına da diqqət yetirilir, kənd əhalisinə güzəştli kreditlər verilir. Əhalinin qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilir. Səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması prosesi uğurla davam etdirilir. Təhsilin inkişafı da prioritet sahədir. Məktəblər müasir informasiya-kommunikasiya vasitələri ilə təmin olunub. Heydər Əliyev Fondunun dəstəyi bu regionun təhsilinə də misilsiz töhfələr verir. Naxçıvan qədim mədəniyyət mərkəzi, tarixi abidələr diyarıdır. Bu mənada, mədəniyyət ocaqlarının bərpası və müasir obyektlərin tikintisi də daim diqqət mərkəzindədir, kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurularaq istifadəyə verilir. Tarixi abidələr də bərpa olunaraq gələcək nəsillər üçün qorunub saxlanılır. Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarında aparılan abadlıq-quruculuq işləri də xüsusi əhəmiyyət kəsb edir.

2009-cu ilin avqustunda Naxçıvana səfər edən Prezident İlham Əliyev muxtar respublikanın yaranmasının 85-ci ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında Naxçıvana hər səfəri zamanı burada dəyişikliklərin şahidi olduğunu bildirdi. Dedi ki, muxtar respublika özünü enerji, taxıl, su və qazla tam təmin etməklə yanaşı, bu gün ixracatçı respublika kimi də tanınır. Ölkə rəhbəri naxçıvanlıların əldə edilən uğurlarla fəxr etməyə haqlı olduqlarını söylədi.

Dövlət başçısı səfər çərçivəsində MR-in cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən möhtəşəm açılışlar oldu. Keçirilən böyük tədbirlər çərçivəsində "Arpaçay" su-elektrik stansiyasının 1-ci və 2-ci bəndlərinin istifadəyə verilməsində, Naxçıvan enerji ixrac edən bölgəyə çevrildi. Yeni Gənclər Mərkəzinin açılması isə yeni nəslin inkişafına göstərilən dövlət qayğısını bir daha nümayiş etdirdi. Bütövlükdə isə, Cənab İlham Əliyev Naxçıvanda aparılan böyük quruculuq işlərinə yüksək qiymət verdi: "Təbii ki, bütün bunlar Naxçıvan MR-in rəhbəri cənab Vasif Talıbovun gərgin əməyinin məhsuludur. Mən fürsətdən istifadə edərək Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm".

İndi Naxçıvan Azərbaycanın ən sürətlə inkişaf edən bölgəsi olmaqla uzun illər blokada şəraitində inkişaf etməyin, tərəqqi yolunda olmağın nümunəsini də nümayiş etdirir. Bu inkişafı, bu dirçəlişi, bu tərəqqini görmək üçün isə, sadəcə bu diyara səfər etmək lazımdır.

Bölgələr uğurla inkişaf edir, gözəlləşir və abadlaşır

Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də Kəngərli rayon Mərkəzi Xəstəxanasıdır. Bu səhiyyə ocağının yenidən qurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verərkən bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada Özəl Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, "İmplant-dent" Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ-Arsenli Su Müalicəxanası da daxil olmaqla ümumilikdə 48 səhiyyə obyekti tikilmiş, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılmış və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. 2005-2010-cu illərdə isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Kəngərli rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr Evi, Naxçıvan Şəhər Təcili Tibbi Yardım Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəz, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bütün bunlar sübut edir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığı kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Beləliklə də, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. Bu gün Naxçıvan inkişaf edir, abadlaşır, gözəlləşir. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin bəxş etdiyi Naxçıvanda muxtar respublika öz inkişaf dövrünü yaşayır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər