"Uzun illərdən bu yana erməni lobbiləri Amerika ilə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində qondarma "erməni soyqırımı"nı təqdim etməyə və olmayan bir şeyi əsaslandırmağa çalışırlar. Bu da növbəti təxribatdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsini şərh edərkən deyib.Onun sözlərinə görə, Amerikada güclü erməni lobbisinin mövcudluğu hər kəsə bəllidir: "Bu da ermənilərin ABŞ-da uzun müddətdir aparmış olduğu ardıcıl və israrlı siyasətin məntiqinə söykənir. Erməni lobbisi Amerikada kifayət qədər fəaldır. Onlar hətta vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsində fəallıq göstəriblər. Bu günə qədər də Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir. Nəzərə alsaq ki, ermənilər gələn il qondarma erməni soyqırımının 100 illiyini keçirməyi planlaşdırırlar, onda bu cür addımlar gözləniləndir".F. Ağamalı onu da bildirib ki, bu gün erməni lobbisinin təsiri altında olan insanlar ABŞ-da hakimiyyətdədirlər: "Məlumdur ki, Amerikanın prezidenti Barak Obama, eyni zamanda ABŞ dövlət katibi Con Kerri də birmənalı şəkildə ermənipərəst insanlardır. Onların bundan sonrakı fəaliyyətlərinin necə qurulacağı aydındır, lakin Amerikanın dövlət olaraq buna necə reaksiya verəcəyi maraq doğurur. Ancaq inanmıram ki, Amerika buna görə Türkiyə ilə münasibətlərini tamamilə pisləşdirsin".Millət vəkili həmçinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin rəsmi "twitter" səhifəsində ermənilərin mövqeyindən çıxış etməsi ilə yaydığı bəyanatlara da münasibət bildirib: "Hesab edirəm ki, Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun həmsədrlik vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq. Çünki məsələlər bu cür davam edə bilməz. Həmsədrlik vəzifəsinə başladığı ilk gündən ermənipərəst mövqeyini ortalığa qoymaqdadır. Bununla bağlı xarici işlər nazirinin müavini Araz Əzimovun kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində fikirləri tam dəstəkləyirəm. Onun atdığı addımlar kifayət qədər narahatlıq doğurur. Bir sözlə, son hadisələrlə bağlı məsələ qaldırıb onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır".Millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin İrana səfərinin üstünlüklərindən də danışıb. Onun sözlərinə görə, Prezidentin İran səfəri olduqca uğurlu keçib: "Hesab edirəm ki, görüşdən sonra Azərbaycanla İran arasında bu günə qədər mövcud olan bir sıra problemlər öz həllini tapacaq. Eyni zamanda iki ölkə arasında olan soyuq münasibətlər dostluq və qardaşlıq münasibətləri ilə əvəz olunacaq. Bu da həm Azərbaycanın, həm İranın maraqlarına uyğundur".
sia.az