Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin aprelin 10-11-də keçirilən iclaslarında bir sıra beynəlxalq konfranslarda və görüşlərdə təşkilatı təmsil edəcək, eləcə də həmin tədbirlərdə məruzələri dinləniləcək deputatların müəyyənləşdirilməsi məsələsi nəzərdən keçirilmişdir.
Komitənin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynovun bu tədbirlərdən bir neçəsində rəsmən Avropa Şurasını təmsil edərək Parlament Assambleyası adından təqdimatlarla çıxış etməsi qərara alınmışdır.
May ayından Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin başlanması ilə əlaqədar həmin tədbirlərdən ikisi Bakıda keçiriləcəkdir. Mayın 20-21-də Azərbaycanın paytaxtında Avropa Şurasının Demokratik vətəndaşlıq və insan hüquqları təlimləri üzrə Təhsil Əlaqələndiriciləri Şəbəkəsinin 21-ci toplantısı keçiriləcəkdir. Həm təhsil problemləri ilə bağlı indiyədək bir neçə xüsusi məruzə hazırladığına, həm də hüquqi işlər və insan haqları komitəsinin üzvü olduğuna görə həmin toplantıda Avropa Şurasının mövqeyinin ifadə olunduğu nitqlə çıxış etmək Rafael Hüseynova həvalə edilmişdir.
Bu il sentyabr ayının ilk günlərində isə Bakı Avropa Şurasının planlaşdırdığı daha bir əhəmiyyətli tədbirə ev sahibliyi edəcəkdir. "Mədəniyyətlərarası dialoqun dini aspektləri ətrafında fikir mübadilələri" adlı həmin tədbirdə də Avropa Şurasının mövqeyini ifadə edən təqdimatı hazırlamaq üçün mədəniyyət, elm, təhsil və media komitəsinin rəhbərliyi Rafael Hüseynovun namizədliyini daha münasib saymışdır. Çünki azərbaycanlı deputat hazırda komitənin xətti ilə "Din azadlığı və dini ənənələr" adlı yeni məruzə üzərində işə başlamışdır. Geniş ekspertlər dairəsinin iştirakı gözlənilən Bakı toplantısı həm də bu məruzənin əsas müddəalarının ilkin müzakirələrini reallaşdıracaqdır.
AzərTAc