PDF Oxu

Siyasət

  • 6

Abid Şərifov: Son 10 ildə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulmuşdur

Abid Şərifov: Son 10 ildə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulmuşdur

İkinci Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransına böyük maraq vardır. Bu, məhz Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında, su sektorunun digər sahələrində son illər həyata keçirilən layihələrdən, əldə edilən nailiyyətlərdən qaynaqlanmışdır.

Bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransındakı çıxışında demişdir.

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanda son illər dünya və Avropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Ən möhtəşəm idman tədbirlərindən olan birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi ölkəmizin nüfuzundan xəbər verir.

Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri barədə məlumat verən A.Şərifov bildirmişdir ki, 2013-cü ildə iqtisadi inkişafımız davam etdirilmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz 9,8 faiz, əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə 2,4 faiz təşkil etmişdir. Əhalinin pul gəlirlərinin inflyasiyanı 3 dəfədən çox üstələməsi onu deməyə əsas verir ki, vətəndaşların rifah halı ildən-ilə yaxşılaşır.

A.Şərifov qeyd etmişdir ki, keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu da ölkəmiz üçün rekord göstəricidir. Bu investisiyaların da 17,5 milyard dolları daxili sərmayələrdir. Göründüyü kimi, daxili sərmayə xarici sərmayəni üstələyir və bu, müsbət haldır. Əlbəttə, daxili investisiyada dövlətin yatırdığı sərmayələr üstünlük təşkil edir. Ancaq özəl sektorun təmsilçiləri də Azərbaycan iqtisadiyyatına böyük investisiyalar qoyurlar.

Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını deyən Baş nazirin müavini bildirmişdir ki, bu, ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bu, Azərbaycanın böyük üstünlüyüdür və bizə imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələr icra edək. Eyni zamanda, qeyd etmək lazımdır ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Son 10 ildə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulmuş, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə 1 milyon 200 min iş yeri açılmışdır ki, onların da 900 mini daimi iş yerləridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik isə 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri də qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Bu da çox yaxşı göstəricidir. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Ölkədə həyata keçirilən su layihələrindən danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, son illərdə Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda Bakı və Abşeron yarımadası əhalisinin fasiləsiz su təchizatını tam təmin etməyə imkan verən Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara buraxılacaqdır. Bir neçə il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəməri istismara buraxılmışdır. Keçən il 268 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı istifadəyə verilmişdir. Bu il ölkənin qərb rayonlarının su təchizatında mühüm əhəmiyyətə malik olacaq 160 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının istifadəyə verilməsi gözlənilir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünə də toxunan A.Şərifov bu münaqişə nəticəsində torpaqlarımızın işğal olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırlatmışdır. Bildirmişdir ki, buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon bu cür layihələrdən kənarda qalmışdır. Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən və azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırımı törədən, işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq qurumlar tərəfindən heç bir təsir göstərilmir və bu problemlər həll olunmamış qalır.

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışan Baş nazirin müavini demişdir ki, Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətini götürmüşdür. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə ölkədir. Bizim tərəfimizdən indi BMT-nin İnkişaf Proqramı çərçivəsində Kür-Araz çayları hövzəsində transsərhəd deqradasiyasının azaldılması və transsərhəd sularla əlaqədar digər birgə layihələr həyata keçirilir. Kür çayından istifadə ilə əlaqədar Gürcüstan tərəfi ilə əldə edilmiş razılaşmalar bizim tərəfimizdən yüksək qiymətləndirilir və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

yap.org.az

Digər xəbərlər