PDF Oxu

Siyasət

  • 14

Güclü ordu, güclü dövlət

Güclü ordu, güclü dövlət

İlham Əliyev: "Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi"

Məlum olduğu kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını deyən ölkə Prezidenti orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğulayaraq, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Dövlət başçısı, həmçinin, birinci rübdə əhalinin tibbi müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon insanın bu müayinədən keçdiyini, üçüncü regional, o cümlədən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyətindən danışıb. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı İlham Əliyev Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini bildirib.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirib. "Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir", - deyən ölkə Prezidenti bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd edib. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb.

Güclü ordu güclü dövlət deməkdir

Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.

Prezident İlham Əliyev sözügedən iclasda güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu bildirib. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib.

Siyasi-iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritet olaraq qalır. Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin bütün tövsiyələri ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirilir. Hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır. Ordumuzun 90 illiyi münasibətilə keçirilən parad Azərbaycan Silahlı Qüvvələrinin regionda nizami, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunan ordu olduğunu bir daha təsdiqlədi.

Dövlət başçısı, Ali Baş Komandan iclasda Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib. Prezident İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu bildirib. Qısa müddətdə Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı 20 zavod və yerli istehsal birliyinin yaradılması o deməkdir ki, Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımların atıldığını bildirərkən demişdir: "2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır 2014-cü ildə böyük dərəcədə artacaqdır. Bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir. Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir".

Son 10 ildə ordu quruculuğu

Son 10 il ərzində hərbi büdcəmizin 20 dəfədən çox artması nəticəsində Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda son 10 il ərzində hərbi sənaye kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Həmin nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bütün bunlarla yanaşı, dünya dövlətləri ilə siyasi, iqtisadi, hərbi əməkdaşlığı genişlənən, demoqrafik vəziyyəti artan Azərbaycanın işğal altında qalan torpaqlarını hər an azad etmək imkanlarının mövcudluğu dünya birliyi tərəfindən də etiraf olunur. Ancaq daim sülh, birlik və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin xalqın mənafeyini əks etdirən istəyi budur ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla, danışıqlar yolu ilə həll olunsun, nahaq qan axıdılmasın. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü tanıyan BMT-nin 4 qətnaməsində bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Qurumun Nizamnaməsinin 42-ci maddəsinə əsasən tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiqi barədə qərar qəbul oluna bilər. Yaranan belə vəziyyətlərdə Azərbaycan ordusunun öz sözünü demək və torpaqlarını güc tətbiqi yolu ilə azad etməyə tam hüquq və səlahiyyətləri, hərbi potensialı mövcuddur.

"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik".

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici sözü də, məhz Azərbaycan deyəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər