"Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür". Bu fikirləri Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.
E.Süleymanov bildirib ki, Azərbaycan 14 ildir Avropa Şurasının üzvüdür, lakin problemlərimizin həlli 20 ildir ayrı-seçkiliklə üzləşdiyimiz beynəlxalq təşkilatlarda müvafiq qaydada dəstəklənmir. Onun sözlərinə görə, Krımın Rusiyaya birləşdirilməsindən sonra diplomatik danışıqlar və ona tətbiq edilən sanksiyalar fonunda Qərbin işğal edilmiş əraziləri, Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı ikili standartlar və riyakarlıq nümayiş etdirməsi özünü daha qabarıq şəkildə biruzə verir.
"Azərbaycanın əraziləri 25 ilə yaxındır ki, beynəlxalq hüquq normaları pozulmaqla, Ermənistanın işğal altındadır, lakin Aİ ərazi bütövlüyünün bu pozulmasına və bir milyon məcburi köçkünün əziyyət çəkməsinə etinasızlıqla yanaşır. Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. eynəlxalq ictimaiyyət Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi, bu gün eyni dəstəyi Azərbaycana da təmin etməli, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrə hörmət etməlidir. Hesab edirəm ki, Amerika və qərb dövlətlərinin, bütün beynəlxalq qurumlarının Ukraynaya verdikləri dəstəkdən Azərbaycan dərs götürməli, dünya birliyindən, xüsusilə Avropa İttifaqı, Avropa Şurası və ATƏT-dən Ermənistana sanksiyaların tətbiqini və öz haqqını tələb etməlidir"- deyə, E.Süleymanov vurğulayıb.
yap.org.az