Ötən gündən İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün İranlı həmkarı Hüseyn Dehqanla birgə mətbuat konfransı keçirib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, mətbuat konfransında jurnalistlərin cavablandıran hər iki tərəf bir sıra məsələlərə aydınlıq gətiriblər. İsrail hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı sualı cavablandıran Z. Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir.Onun sözlərinə görə, heç bir gücə Azərbaycan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək: "Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik. O ki qaldı İsrail hərbi bazasının ölkəmizdə yerləşdirilməsinə Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz".
sia.az