Bu gün Nizami rayonunun 10 saylı orta məktəbində Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin 105 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir: "Mikayıl Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevib, klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləyib, onları davam və inkişaf etdirməyin ən ardıcıl tərəfdarlarından olub".Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə öz çıxışında deyib ki, M.Müşfiq yeni poetik formalar yaratmaq cəhətinə görə də öz qələm yoldaşlarından seçilən, fərqlənən şairlərimizdən olub: "Mikayıl Müşfiq bir sənətkar olaraq, daima öz sənətini inkişaf etdirmək üçün çırpınıb, özündən narazı qalmış poetik duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun bədii təsvir vasitələri tapmağa çalışıb".Qeyd olunub ki, görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazılıb. Şairin "Yenə o bağ olaydı", "Oxu, tar", "Küləklər", "Ana" və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.Çıxışlardan sonra məktəb şagirdlərinin hazırladığı "Ah, nə gözəl şərəfdir sənətkar olmaq..!" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
sia.az