İtaliyanın "Notizie Geopolitiche" xəbər portalında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bu ölkədəki xüsusi müxbiri Maqsud Dadaşovun "Sənaye - Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti kimi" sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Məqalədə müasir dünya iqtisadiyyatında "sənayeləşmə" adlanan prosesin sürətlə vüsət aldığı vurğulanır. Qeyd olunur ki, dünya ölkələri iqtisadi tərəqqiyə nail olmaq üçün milli sənayenin bütün istiqamətlərini inkişaf etdirməyə çalışır. Qlobal iqtisadiyyatın fəal oyunçusuna çevrilən Azərbaycanda da müvafiq sahədə mühüm işlər görülməkdədir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunması bu istiqamətdə əsas prioritetləri müəyyənləşdirmək üçün əvəzsiz imkan yaradır.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanda sənayenin inkişafı hələ 1950-ci illərin ortalarından etibarən başlasa da, bu sahədə əsaslı dəyişikliklər ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müşahidə olunmuşdur. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində 1995-ci ildən sonrakı dövrdə sənaye sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox məhsulların istehsalı artıq ölkəmizdə uğurla icra edilməyə başlanıldı. İqtisadiyyatımıza investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən "açıq qapı" siyasəti nəticəsində sənaye sahəsində fəaliyyət göstərən xarici və müştərək müəssisələrinin sayı bir neçə dəfə artdı.
Yazıda sənayenin müxtəlif sahələri üzrə iri müəssisələrin əsasən paytaxt Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Şəkidə və digər şəhərlərdə yerləşdiyi vurğulanır. Qeyd olunur ki, hazırda ən önəmli layihələrdən biri 2020-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulan "Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi"dir. Bakı şəhərindən 60 kilometr aralıda yerləşən kompleksin tərkibinə qaz emalı, neft emalı və neft-kimya zavodları daxil olacaqdır.
Müəllif, həmçinin oxuculara Azərbaycanda sənayenin inkişafı istiqamətində yaxın gələcəkdə görüləcək işlər barədə də məlumat verərək bildirir ki, əsas hədəf sənaye istehsalının dayanıqlılığının və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaqdır.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanda cari ilin "Sənaye ili" elan olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. "Sənaye ili" ilə əlaqədar görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması, media nümayəndələrinin sənaye müəssisələrinə səfərlərinin təşkili işinə AzərTAc da cəlb edilmişdir.
Müəllif qeyd edir ki, cari ilin "Sənaye ili" elan olunması ilə Azərbaycan təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunda da əldə etdiyi uğurlarla dünya bazarında mövqeyini möhkəmləndirəcəkdir.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.notiziegeopolitiche.net/?p=40054
AzərTAc