Prezident İlham Əliyev: "Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?!"
Bu gün Azərbaycan dünyada sülhməramlı, əməkdaşlığa hazır və açıq xarici siyasət yürüdən dövlət kimi tanınır. Bu siyasi kursun əsasını Ümummilli Lider Heydər Əliyev qoyub və bu gün şaxələnən balanslaşdırılmış xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada, Azərbaycan bu ilin birinci rübündə də beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirib. Bununla bağlı, Prezident İlham Əliyev aprelin 13-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır: "Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır".
Bu bir faktdır ki, hazırda müasir beynəlxalq münasibətlər sistemində çox az dövlətlər var ki, mühüm geosiyasi məsələlərlə əlaqədar ortaya prinsipial və konkret mövqe qoyurlar. Məhz Azərbaycan belə ölkələrdən biridir və Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Elə beynəlxalq aləmdə bu prinsipial mövqeyə görə, Azərbaycana böyük rəğbət yaranır.
Bununla yanaşı, Azərbaycanın şəffaf və açıq diplomatiya yürütməsi onun dünya ölkələri və beynəlxalq təşkilatla olan münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin sözlərilə desək, beynəlxalq təşkilatlarda ölkəmiz haqqında düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaq: "Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi forum deyil, eyni zamanda, siyasi forumdur. Bu forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır".
Hazırda Azərbaycan qlobal problemlərin müzakirə edildiyi sammitlərin də daimi nümayəndəsinə çevrilib. Eyni zamanda, qonşu ölkələrlə də münasibətlərinin dostluq prinsipləri üzərində quran Azərbaycan əlaqələrin dinamikliyini də qoruyub saxlayır. Bunun bariz nümunəsi kimi Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana gəlməsini, Prezident İlham Əliyevin İrana səfər etməsini, Gürcüstanın, Rusiyanın yüksək çinli rəsmilərinin ölkəmizə səfər etməsini göstərə bilərik. Lakin Azərbaycanın ən böyük problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Yaxud da, münaqişənin həll edilməsinə ikili yanaşmanın ortaya qoyulması ucbatından problemin tənzimlənməsinə maneçilik törədilir. Prezident İlham Əliyev aprelin 13-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məsələyə toxunaraq deyib ki, nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.
Prezident İlham Əliyev bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi: "Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.
Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?
Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir. Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq.
Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu, məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir".
Göründüyü kimi, Azərbaycana qarşı riyakar və ikili standart siyasəti davam edir. Əlbəttə ki, Azərbaycan bununla heç vaxt barışmayacaq. Çünki heç kim üçün sirr deyil ki, bu gün dünyada əsas amil güc amilidir. Azərbaycan da həm hərbi qüdrətini artırır, həm də diplomatiyasını gücləndirir. Düşünürük ki, artıq beynəlxalq birliyin Ermənistana yerini göstərməyin vaxtı gəlib çatıb. Əgər bu baş verməsə, təbii ki, müharibə qaçılmaz olacaq.
"Səs" Analitik Qrupu