ABŞ-ın Oklahoma ştatını təmsil edən konqresmen Cim Braydenstayının (Jim Bridenstine) təşəbbüsü ilə Talsa (Tulsa) şəhərində yerləşən Oklahoma Universitetinin Şusterman Tədris Mərkəzində Azərbaycanın enerji təhlükəsizliyində roluna həsr edilən "Qlobal Enerji Təhlükəsizliyi Forumu" adlı tədbir təşkil edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya verilən məlumata görə, forum çərçivəsində Azərbaycanın enerji siyasəti, ölkənin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və Cənubi Qafqaz qaz dəhlizinin bu xüsusda yaradacağı imkanlar ətrafında müzakirələr aparılıb.Forumda ilk olaraq çıxış edən konqresmen C. Brandenstayn Azərbaycanın əlverişli strateji mövqedə yerləşdiyini və regionda əsas dövlət olduğunu bildirib. Konqresmen bu yaxınlarda BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamə üzrə keçirilən səsvermədə rəsmi Bakının regionun bəzi dövlətlərindən fərqli olaraq birmənalı münasibət nümayiş etdirməsi və qətnamənin lehinə səs verməsini Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinin təzahürü olduğunu söyləyib. Konqresmen C. Bandenstayn məhz rəsmi Bakının müstəqil xarici siyasəti nəticəsində regionda böyük neft-qaz və infrastruktur layihələrinin həyata keçirildiyini və Xəzər dənizinin neft-qaz resurslarının dünya bazarlarına çıxarıldığını qeyd edib.Bundan sonra konqresmen C. Brandenstaynın dəvəti ilə tədbirə qatılan Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib. Səfir ilkin olaraq Azərbaycanın enerji siyasətinin tarixi inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Cənubi Qafqaz qaz dəhlizinin reallaşdırılması və "Şahdəniz" qazının gələcəkdə Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə Avropaya nəqlinin Avropanın enerji təhlükəsizliyinə mümkün təsirlərinə dair fikirlərini bölüşən səfir, uğurlu enerji siyasətinin ölkə rəhbərliyinin uzaqgörən strateji yanaşması və praqmatik qərarlarının nəticəsi olduğunu vurğulayıb. Səfir dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi məsələlərdə ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə olacağını xüsusi qeyd edib. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Oklahoma ştatının qubernatoru Mari Follin (Mary Fallin), Talsa şəhərinin meri Devi Bartlet (Dewey Bartlett), Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə görüşlər keçirib və ikitərəfli tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb.
sia.az