Aprelin 16-da Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu "İki sahil" qəzeti redaksiyasının qonağı olmuşdur.
AzərTAc xəbər verir ki, qəzetinin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişafından bəhs etmişdir. Bildirmişdir ki, bu əlaqələr digər sahələrlə yanaşı, mədəni-humanitar sahələrdə də uğurla inkişaf edir.
V.Rəhimzadə əlaqələrin inkişafında mətbuatın rolunu önə çəkərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən də danışmışdır. 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Şimali Kiprdə olduğunu xatırladan V.Rəhimzadə bu səfərin onda xoş təəssürat yaratdığını bildirmişdir. Səfər çərçivəsində bir çox universitetlərdə, qəzet redaksiyalarında olarkən yaradılan şəraitdən məmnun qaldığını vurğulayan baş redaktor həmin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin də çoxluq təşkil etməsini uğurlu addım kimi dəyərləndirmişdir.
Qonağa "İki sahil" qəzetinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verilmişdir.
Dövlətimizin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edən V.Rəhimzadə bildirmişdir ki, bu ənənənin təməli müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti daim çalışır ki, mətbuatın mövcud problemləri həll olunsun, müstəqil mətbuatımız daha da inkişaf etsin. Mətbuatın qarşısında duran vəzifələr kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətlidir. Bu vəzifələrin başlıca mahiyyəti ondan ibarətdir ki, bütövlükdə cəmiyyət ehtiyac duyduğu informasiyalarla təmin edilir.
Diplomat Sadettin Topukçu səmimi münasibətdən danışmış, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayaraq, əlaqələrin inkişafına dəstək olacağını, bu cür görüşlərin davamlı hal alacağını qeyd etmişdir.
Qonaq redaksiyada yaradılan şəraitlə tanış olmuşdur.
AzərTAc