"Ermənistana qarşı təzyiqlərin, sanksiyaların olmadığı təqdirdə işğalçı ölkə heç bir halda danışıqlar istiqamətində addım atmayacaq. Çünki beynəlxalq hüquq normaları bərqərar olunmalıdır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) hər zaman Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı müvafiq qətnamələri qəbul edib: "Amma biz bir məsələ ilə bağlı çox narazıyıq. Beləki qonşu ölkəsinin ərazisini işğal etmiş Ermənistan (nə danışıqlar yolu ilə, nə də hansısa bir təzyiqlərlə üzləşmədiyinə görə) bu istiqamətdə heç bir addım atmır. Beynəlxalq təşkilatlar məsələn, BMT öz Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təcavüz etmiş ölkəyə qarşı sanksiyaları müəyyənləşdirməlidir. Təbii ki, biz bunu ATƏT-dən də gözləyirik. Çünki Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub.Biz 20 ildən artıqdır ki, ancaq beynəlxalq təşkilatların boş söhbətlərini eşidirik. Bu beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hal-hazırda bir sıra keçmiş SSRİ ölkələrinin əraziləri işğal olunub. Məsələn, Krım hadisələrindən sonra Rusiyaya qarşı müvafiq sanksiyalar tətbiq olundu. Axı nə üçün bu gün həmin təzyiq mexanizmləri Ermənistana qarşı yoxdur? Nə üçün Ermənistan BMT TŞ-nın qərarlarını yerinə yetirmədiyinə görə, cəzasız qalıb? Bu mənada cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın və beynəlxalq təşkilatların ünvanına söylədiyi fikirlər reallığı əks etdirirdi. Biz həm ATƏT-i, həm BMT-ni, həm də digər təşkilatları müvafiq sənədlərə, beynəlxalq hüquq normalarının prinsiplərinə riayət etməyə çağırırıq".
sia.az