"Suallarınızı həmin uşaqları öyrədib əlinə molotov kokteyli, eləcə də əlinə daş-dəmir parçası verib, polisin üzərinə göndərən adamlara ünvanlayın. Suallarınızı öz övladlarını qoruyub, başqasının övladının beynini doldurub qızışdıraraq qanun pozuntularına yönəldənlərdən soruşun. Çünki hər gün onlarla söhbət edirsiniz". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı həmkarı İqbal Ağazadənin "Nidaçı" gənclərin saxlanılması ilə bağlı səsləndirdiyi fikirlərə cavab verərkən deyib."Sual verin ki, niyə xalqın övladlarını bədbəxt edirsiniz, niyə onları məktəblərə universitetlərə, kitabxanalara, ağac əkməyə yox, məhz polisin üzərinə, ixtişaş törətməyə, həmçinin əhalinin mülkiyyətinə ziyan vurmağa yönəldirsiniz? Hər dəfə səsləndiririk ki, Azərbaycanda siyasi məhkəmə termini yoxdur. Bütün məhkəmə işləri cinayət faktı üzərində aparılır. Məhkəmənin hökmü bitməmiş indidən məhkəmənin qərarına kölgə salmaq olmaz. Çünki hər bir məhkəmədən sonra başqa bir instansiya məhkməsi var. Əgər məhkəmənin qərarı ilə razı deyilsənsə, o zaman hüquq müstəvisində məsələləri digər yerlərdə araşdırıla bilər. Bu proses hətta Avropa Məhkəməsi səviyyəsinə qədər uzana bilər. Buna görə də siyasi məhbusdan söhbət gedə bilməz. Digər hallarda isə dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan iqtidarı, xüsusilə də Prezident İlham Əliyev tərəfindən bir çox əfv fərmanları verilib. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən bir neçə il bundan əvvəl 20 min məhbusu əhatə edən əfv qərarı verildi. Bu proses hazırda davam edir. siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir"- deyə, millət vəkili S. Novruzov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az