Dünən Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şuranın 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib. Şura iclasında məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsil fəaliyyət proqramı kimi qəbul olunmuşdur.
İ.Abbasov cari ilin birinci rübü ərzində rayonda sənaye məhsulunun istehsalı 74,4 milyon, tikinti-quraşdırma işləri 40,8 milyon, nəqliyyat xidmətləri 4,6 milyon, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat, orta aylıq əmək haqqı 589 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 2,4% artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5% artaraq 64,2 milyon manat olmuş, 926 yeni iş yeri açılmış, 4,1 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının salınması, "Gənclər evi"nin, 84 saylı məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 saylı məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 5, 262 saylı və Qasım Qasımov adına uşaq bağçalarında, 282 saylı məktəbdə əsaslı təmir işləri davam etdirilmiş, 87, 114, 140 saylı məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idman və akt zalının, 146 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idman və akt zalının tikintisinə, Yeni Suraxanı qəsəbəsində mini-futbol meydançasının əsaslı təmirinə başlanılmış və işlər davam etdirilir. Rayon rəhbəri ölkə Prezidentini təşəbbüsü ilə keçirilən əhalinin pulsuz tibbi müayinənin rayonda uğurla davam etdiyini, aprelin 1-nə kimi 90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv pulsuz tibbi müayinədən keçdiyini, 2500 nəfərdə müəyyən xəstəlik aşkar olunduğunu və 200 nəfər sakin stasionar müalicəyə götürüldüyünü bildirib.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı Cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
R.HÜSEYNOVA